“Qala”nın müalicəvi ağ nefti - ŞƏRH

“Qala”nın müalicəvi ağ nefti - ŞƏRH Azərbaycanda zəngin neft yataqlarının mövcudluğu hələ qədim zamanlardan yerli sakinlərə bəlli olub və onlar təbiətin bu nemətindən müxtəlif (yanacaq, hərb materialı və s.) məqsədlər üçün istifadə ediblər
Energetika
30 Mart , 2022 12:07
“Qala”nın müalicəvi ağ nefti - ŞƏRH

Azərbaycanda zəngin neft yataqlarının mövcudluğu hələ qədim zamanlardan yerli sakinlərə bəlli olub və onlar təbiətin bu nemətindən müxtəlif (yanacaq, hərb materialı və s.) məqsədlər üçün istifadə ediblər.

“Report” xəbər verir ki, Azərbaycan nefti və onun istifadə üsulları haqqında zəngin məlumatlar orta əsr mənbələrində daha ətraflı verilib. 10-cu yüzillikdə yaşamış ərəb səyyahı və tarixçisi İstəxri yazır ki, “qədim zamanlardan Bakı sakinləri agac və kömür əvəzinə neftdən istilik materialı kimi, ağ neftdən isə müalicəvi məqsədlər üçün isifadə etmişdilər”.

Bəli, ölkəmizdə neftdən məhz müalicə məqsədi ilə də istifadə olunub. Naftalan neftinin möcüzəsi bütün dünyada dillər əzbəridir. Bu gün isə biz tamam başqa yataqdan çıxarılan neftdən söz açacıq – “Qala” yatağından...

Bu yataq öz adını Bakının eyni adlı kəndindən – Qaladan götürüb. Qala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnib. Qala adının ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yaşlı sakinlər kəndin adını “mühafizə olunan yer”, ”məğlubedilməz yer” mənaları ilə əlaqələndirirlər. Tarixi dəlillərə görə isə burada XIV və XVII əsrin birinci yarısında inşa edilmiş qala tipli istehkam və müşahidə tikililəri olub. XIV əsrə məxsus qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib və çox əzəmətli olub. Sonradan qala dağıldığı üçün XVII əsrdə onun daşlarından bürclərdən birinin yerində məscid tikilib. Bir sıra Abşeron kəndləri kimi, Qala da özünün duz gölü ilə məşhur olub. Qala duzu öz ağlığına və tamına görə ən keyfiyyətlilərdən sayılıb.

Qala ərazisinin neftli-qazlı olması ilə bağlı mülahizələr isə XIX əsrin sonlarından irəli sürülməyə başlanılıb. Bu yerlər bir sıra tədqiqatçıların diqqətini elə o vaxtdan cəlb edib. Yer səthinə qaz çıxışları müşahidə olunduğundan mütəxəssislər burada karbohidrogen yığımlarının olması fikrinə gəliblər. Ərazidə neft-qaz axtarışı ilə bağlı kəşfiyyat işləri iki mərhələdə aparılıb. İlk axtarış-kəşfiyyat işləri 1887-ci ildə Sorokin və Simenoviç tərəfindən görülüb. Sonradan Şeqren (1891-ci il) və D.V.Qolubyatnikov bu işləri davam etdiriblər. Qazma işlərinə 1904-cü ildə başlanılıb və 1917-ci ilə qədər "Nobel qardaşlarının firması" tərəfindən 3 quyu, "Bekendorf" tərəfindən 5 quyu, “Xəzər-Qara dəniz” cəmiyyəti tərəfindən qaz çıxışları olan “Qala gölü” sahəsində 1 quyu qazılıb. Dərinliyi 50-1 200 metr aralığında dəyişən bu 9 quyudan müsbət nəticələr alınsa da, ərazi tam işlənməyə cəlb olunmayıb. Kəşfiyyatın ikinci mərhələsi isə 1924-cü ilə təsadüf edir. D.Qolubyatnikov “Qala” yatağını neftlilik cəhətdən, o dövr üçün yüksək hasilata malik “Suraxanı” yatağı ilə müqayisədə, daha üstün hesab edirdi. Onun təklifi əsasında qaz çıxışları olan sahədə quyuların qazılmasına başlanılıb. Həmin il 1, 1925-ci ildə 2, 1926-cı ildə 3, 1927-ci ildə isə daha 1 quyu qazılıb. 1929-cu ilə qədər “Qala” sahəsində 9 ədəd quyu qazılıb və bu quyular güclü qaz fontanı verib. 1932-ci ildə qazılan 20 saylı quyu isə 705-740 metr dərinlikdən sutkalıq 500 tona yaxın neft verib. Bununla da, “Qala” yatağının neftliliyi təsdiq olunub və yatağın sənaye əhəmiyyətli işlənilməsinə başlanılıb.

864 hektar sahəni əhatə edən “Qala” yatağı Abşeron yarmadasının şimal-şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. İşlənmənin əvvəlindən yataqda 1517 quyu qazılsa da, hazırda cəmi 53 quyu istismardadır. İndiyədək yataqdan 58,4 milyon tondan çox neft, 9,7 milyard milyard kubmetr qaz hasil olunub. Yataqdan 1938-ci ildə maksimal həcmdə - 4 milyon 439 min ton neft çıxarılıb.

Qeyd edək ki, hələ qədim zamanlardan “Qala” yatağında 600-700 metr dərinlikdən çıxarılan ağ neft-kerosindən məişətdə və tibdə istifadə olunub. Sovet dövründə də köhnə quyulardan bu kerosini əldə edirdilər. Xalq təbabətində kerosindən müalicə üçün revmatizmanın, anginanın, kəskin bronxitin, dəmrovun (qaşınma), radikulitin, osteoxondrozun, hətta xərçəngin müalicəsində geniş istifadə olunub. Digər tərəfdən, rəsmi təbabətdə “vazelin yağı” adlanan və tərkibi əsasən doymuş və naften karbohidrogenlərindən ibarət olan yağ da neft məhsuludur və bir çox dərmanların hazırlanmasında istifadə edilir. Kerosinin müxtəlif növləri var: aviasiya kerosini, lampa kerosini, texniki kerosin, həlledici kerosin və s. Adətən otağı işıqlandırmaq üçün lampa kerosinidən istifadə olunardı. Lampa kerosini qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir, həlledici kerosin isə əlavə olaraq aromatiksizləşdirilir. Aviasiya kerosini çox-çox sonralar istifadə olunmağa başlanıb və hesab olunub ki, o, daha yaxşı təmizləndiyindən tibbi məqsəd üçün daha yararlıdır. Kerosini bir neçə üsulla təmizləyərdilər. Bir üsul bu idi ki, kerosini yarım litrlik qaba töküb üzərinə müəyyən miqdar duz əlavə edilər, yaxşı-yaxşı çalxalandıqdan sonra onu pambıq və ya cunadan (tənzif) süzülməklə digər qaba boşaldar, həmin qab içi su ilə dolu yekə bir qazanın içərisində qaynadılardı. Xalq təbabətində işlədilən digər üsulda isə eyni qabda eyni həcmdə kerosinlə qaynar suyu çalxalayır, qarışığın üzərinə yığılmış təbəqəni təmizləyir və kerosini istifadəyə hazır vəziyyətə gətirirlər. Bunlardan əlavə, yerli əhaliyə kerosinin qurudulmuş çay qumundan keçirildikdən sonra təmiz cuna ilə süzülməsi metodu da tanış idi. Deyilənə görə, belə olduqda, kerosinin spesifik iyi yox olurdu.

“Qala” yatağında hasil olunan karbohidrogenlərdən sənayenin digər sahələrində də geniş istifadə edilib. Yatağın konturətrafı sahələrində qazılmış bir neçə quyuda sulu laylar mənimsənilib və həmin laylarin 600 metrə qədər dərinliyindən çıxan məhsul XX əsrin 60-80-ci illərində sənaye məqsədli yod-brom istehsalında istifadə edilib. Çünki bu yatağın laylarından çıxan məhsulun (lay sularının) tərkibindəki yod və brom digər lay sularına nisbətən 30-40 % çox idi.

Qeyri-ənənəvi müalicə üsulları ilə düzgün qidalanma və sağlam həyat tərzini təbliğ edən Gennadi Malaxov haqqında yəqin eşitmisiniz. O, bədənin sağlamlığını yaxşılaşdırmağın yolları haqqında bir neçə kitab yazıb, onun qeyri-ənənəvi müalicə üsulları uzun müddət elm adamları arasında qızğın müzakirə mövzusu olub. Gennadi Malaxov da misallar əsasında bir sıra xəstəliklərin müalicəsində kerosinin effektiv təsirə malik olduğunu vurğulayıb, təsir mexanizmini izah etməyə çalışıb. Ümumiyyətlə, kerosinin xalq təbabətində müalicə məqsədi ilə istifadəsini onunla əsaslandırırlar ki, bu maddə quruducu təsirə malik olduğundan mikrobları məhv edir. Kerosin həqiqətən də qüvvətli quruducudur və hüceyrələri susuzlaşdırır, nəticədə xəstə hüceyrələr ölür. Böyük nüfuzetmə xassəsinə malik kerosin həmin hüceyrələrə asanlıqla təmas edərək onları sıradan çıxarır, iltihabı aradan qaldırır və ağrıları kəsir. Bunlardan başqa, kerosin orqanizmin müdafiə qabiliyyətini artırır, damarları genişləndirir, toxumaların qidalanmasını və maddələr mübadiləsini yaxşılaşdırır.

Saysız-hesabsız insanlarımız uzun əsrlər boyu Azərbaycan neftinin şəfaverici keyfiyyətlərindən bəhrələniblər. Ancaq bir şeyi unutmayaq ki, ağ neft-kerosinin müalicəvi xüsusiyyətləri, onun bir çox xəstəliklərin sağalmasında vəsilə olması xalq təbabətində nə qədər geniş istifadə edilsə də, təbb həmişə bu üsullara qarşı çıxıb.

Vüqar Həsənov

Son xəbərlər

Orphus sistemi