Prezident: "Mingəçevir İstilik Elektrik Stansiyasının şəkillərinə baxanda adam dəhşətə gəlirdi"

Prezident: "Mingəçevir İstilik Elektrik Stansiyasının şəkillərinə baxanda adam dəhşətə gəlirdi" “Energetika sahəsində müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq”.
Energetika
353
7 Yanvar , 2020 16:53
Prezident: Mingəçevir İstilik Elektrik Stansiyasının şəkillərinə baxanda adam dəhşətə gəlirdi
İlham Əliyev

“Energetika sahəsində müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi. Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək”, - dövlət başçısı qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib: “Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk. Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə - vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir”.

“Mən bölgələrə çoxsaylı səfərlərim çərçivəsində bir sıra elektrik stansiyalarının, yarımstansiyaların açılışında iştirak etmişəm. Hər zaman maraqlanıram ki, rayonlarda elektrik enerjisi ilə bağlı vəziyyət necədir. Son illər bu sahədə çox böyük dönüş var və bu proses davam etdiriləcək. Hələ ki, təmirə ehtiyacı olan enerji infrastrukturumuz var. Biz bu məsələləri ardıcıl şəkildə həll edəcəyik ki, bu sahədə heç bir problem olmasın.

Ölkəmizdə əhalinin və sənaye potensialının artımı diktə edir ki, bu sahə daim diqqət mərkəzində olsun. Odur ki, mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik.

Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu bu sahədə görülmüş işlərə çox yüksək qiymət veribdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerdəyik. Biz bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlamışıq. Elektrik enerjisinin istehsalının və paylanmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır. Əlçatanlıq bu deməkdir. Yəni ki, insanların, müəssisələrin enerjiyə əli çatır və bu əmsala görə biz dünyada ikinci yerdəyik. Bax, budur bizim gördüyümüz işlərin nəticəsi. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənə bilmərik. Həm “Azərenerji”, həm də “Azərişıq” qarşısında çox böyük vəzifələr qoyulub. Əminəm ki, bu vəzifələr ardıcıllıqla icra ediləcək və beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaqdır”, - Prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi