Bakı. 28 iyul. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim (PetroKimya) Holding"in baş direktoru və İdarə Heyətinin üzvü Sadəddin Qorqud dünən vəzifəsindən azad edilib.
Bu barədə "Report"a SOCAR-dan bildirilib.
Şirkətdən verilən məlumata görə, S.Qorqudun yerinə SOCAR-ın Yunanıstandakı törəmə şirkətinin ("SOCAR Greece") icraçı direktoru Anar Məmmədov təyin edilib.
Bu gün yerli vaxtla saat 12:00-da Anar Məmmədov "Petkim Holding" kollektivinə təqdim olunacaq.
Qeyd edək ki, bundan əvvəl Anar Məmmədov “SOCAR Energy Greece” şirkətinin icraçı direktoru vəzifəsində çalışıb. O, bu vəzifədə 2014-cü ildən çalışıb. "SOCAR Energy Greece" şirkətindən əvvəl isə A.Məmmədov "SOCAR Georgia Gas Ltd", "Arxiel Carbonexis Ltd", şirkətlərində baş icraçı direktor, "Millio İnternational Ltd" şirkətində isə regional direktor vəzifəsində çalışıb. A. Məmmədov İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib. 2015-ci ildə “Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı” mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib.