Pərviz Şahbazov: "Bu il Azərbaycan qazı Avropa bazarına çıxarılacaq"

Pərviz Şahbazov: "Bu il Azərbaycan qazı Avropa bazarına çıxarılacaq" Hazırda Cənub Qaz Dəhlizi (SGC) layihəsinin 4-cü komponenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) 92%-i yekunlaşıb.
Energetika
28 Fevral , 2020 17:11
Pərviz Şahbazov: Bu il Azərbaycan qazı Avropa bazarına çıxarılacaq
Pərviz Şahbazov / Report

"Hazırda Cənub Qaz Dəhlizi (SGC) layihəsinin 4-cü komponenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) 92%-i yekunlaşıb.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasından sonra mətbuat konfransında Azərbaycan Energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər layihə üzrə bütün işlər tam yekunlaşacaq və Azərbaycan qazı Avropa bazarına çıxarılacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Artıq 2018-ci ilin iyunun sonundan Türkiyəyə TANAP vasitəsilə kommersiya qazı nəql olunur. Ötən il noyabrın 30-da TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin açılışı keçirilib. Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP-ın 92%-i yekunlaşıb. Bu il TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.

“Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Son xəbərlər

Orphus sistemi