Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattinin “Report”a müsahibəsi
- Azərbaycanla Pakistan arasında mövcud olan iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- İki qardaş ölkə olan Pakistan-Azərbaycanın böyük iqtisadi və siyasi əlaqələri var. Ölkələr arasında münasibətlər çox yüksək səviyyədədir, iki ölkə iqtisadi əlaqələrin həcminin artmasına köklənib. Gördüyümüz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, iqtisadi ticarət dövriyyəsinin həcmi böyükdür. Biz Azərbaycan və Pakistan arasında da ticarəti əhəmiyyətli dərəcədə artırmaq istəyirik. Pandemiya dövründə bütün dünya ticarət əlaqələrini qoruyub saxlamaq üçün mübarizə aparır. İnanırıq ki, Pakistan və Azərbaycan arasında iqtisadi əlaqələri siyasi əlaqələr kimi yüksək səviyyəyə qaldırmaq üçün böyük potensial var.
- Azərbaycanda nə qədər Pakistan şirkəti fəaliyyət göstərir, Pakistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı nə qədərdir? İki ölkə arasında iqtisadi münasibətləri daha da inkişaf etmək üçün hansı işlər görülməlidir?
- Ötən illərə baxanda görürük ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmi böyük deyil. Hazırda 2 minə yaxın Pakistan şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Amma Pakistanda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin sayı 100-dür. Burada fərqli, əhəmiyyətli təkmilləşdirməyə ehtiyac var.
Ticarəti genişləndirilməsi üçün əsas manelərdən biri bank transferləri ilə bağlıdır. Azərbaycan bankları Azərbaycandan Pakistana pul transfer edə bilmirlər. Pakistan Dövlət Bankı da daxil olmaqla, ölkəmizin müxtəlif bankları ilə bu məsələ ilə bağlı müzakirələrimiz olub. Hazırda da bu müzakirələr davam edir və biz bu məsələni həll etmək istəyirik.
Pakistan Dövlət Bankı həmçinin Ticarət Nazirliyimizdən BMT və ABŞ-ın İran marşrutundan yalnız tranzit kimi istifadəsi ilə bağlı bütün sanksiyaları yenidən nəzərdən keçirməyi xahiş edib, çünki bu marşrut çox qısa və ucuzdur. Bizim İranla sərhədimiz var, Al-Taftan adlanır və Al-Taftandan İranın Astarasına quru yolla yüklər 3 saata çatdırıla bilər.
Bildiyiniz kimi, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət sazişi imzalanıb. Bu, ölkələrə ticarətdə bir sıra üstünlüklər verir. Azərbaycanla Pakistan arasında da belə bir sazişin imzalanması gözlənilir. Hər iki ölkənin prezidentləri bu məsələni nəzarətə götürüb. Prezident İlham Əliyev və Pakistanın Baş naziri artıq Preferensial Ticarət Sazişi ideyasını təsdiqləyib. Biz 2022-ci ildə bu sazişi imzalamağı hədəfləyirik. Saziş imkan verəcək ki, bir sıra Pakistan məhsulları Azərbaycan bazarına aşağı gömrük tarifləri ilə daxil olsun. Bu güzəştlər məhdud sayda məhsullara tətbiq ediləcək. İlkin olaraq biz güzəşt əldə etmək istədiyimiz məhsulların siyahısını hazırladıq və Pakistanın Azərbaycandakı Səfirliyi ilə bölüşdük. Sənəddə həm Azərbaycan, həm də Pakistan tərəfindən 20 maddə üzrə mallar təklif olunub. Bu maddələr artıq müzakirə edilir, bunu yekunlaşdırmaq bir neçə ay çəkəcək.
Ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsini təşviq edən digər sahə də logistikadır. Belə ki, bir neçə Pakistan şirkətinin xüsusi icazələri var. Bu beynəlxalq lisenziyalar imkan verir ki, Pakistandan Azərbaycana yük konteynerləri dəyişmədən dəhliz boyu bütün ölkələrdən keçə bilsin, həmçinin Rusiyadan. Pakistanın bir logistika şirkəti artıq nümunə olaraq iki yük konteynerini Azərbaycana göndərib. Bu sövdələşmə çox uğurlu idi. Bəzi təsdiqləri gözləyirik, ondan sonra biz bu logistika məsələsini də həll edəcəyik. Bununla yanaşı, Azərbaycandan Pakistana ixrac oluna bilən məhsulları axtarırıq.
- Pakistanla Azərbaycan arasında nefte-qaz əməkdaşlıığı sahəsində hansı işlər görülür və başqa hansı sahələrə maraq göstərilir? Pakistandan Azərbaycana isə hahsı məhsullar ixrac oluna bilər?
- Bizim üçün vacib sahələrdən biri neft və qaz sahəsidir və bu istiqamətdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə görüşlərimiz olub. Azərbaycandan Pakistana qaz ixracının mümkünlüyü ilə bağlı müzakirələr də aparırıq. Biz həmçinin mayələşdirilmiş neft qazı (LPG) istəyimizlə bağlı təklif vermişik. Pakistan şirkətlərindən biri artıq Azərbaycanda LNG obyektinə sərmayə qoymaq istəyir.
Bununla yanaşı, Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası Pakistana polimer idxalının müzakirəsi üçün artıq görüş təşkil edib. Biz artıq Səudiyyə Ərəbistanı və MDB ölkələrindən polimer idxal edən bəzi Pakistan idxalçıları ilə müzakirələr aparırıq. “SOCAR Polimer” MMC isə böyük bir müəssisədir. Biz müqavilə imzalasaq, Azərbaycandan ixrac ediləcək polimerin həcmi böyük olacaq. Hazırda Pakistana polimer idxalı 1 milyard ABŞ dolları dəyərindədir.
Həmçinin, Sumqayıt Kimya Sənaye Parkında diqqətimizi çəkən və maraqlandığımız bəzi kimyəvi maddələr var.
Azərbaycanla Pakistan arasında digər əməkdaşlıq sahəsi isə aqrar sahəsidir. Belə ki, pomidor, xiyar, tərəvəzdən ibarət təzə ərzaq və digər tərəvəzlərin Pakistana ixracı mümkündür. Azərbaycanda alça, ağ albalı, alma kimi çox xüsusi meyvələr var və bir çox başqa meyvələr ixrac oluna bilər. Bundan başqa, Azərbaycanın şirə sənayesinin məhsulları bizi maraqlandırır. Bu yaxınlarda biz Pakistana bir neçə şirə nümunəsi göndərmişdik. Bununla yanaşı, Pakistan Azərbaycandan pambıq (xam məhsul) almaq istəyir, çünki Pakistanın böyük tekstil sənayesi var.
Bunlar bizim Azərbaycandan Pakistana ixraca yönəlmiş bəzi əsas sahələrdir.
Pakistandan da Azərbaycana bir sıra məhsullar ixrac edilə bilər. Bu məhsullardan biri düyüdür. Düyü Azərbaycana geniş istifadə edilən məhsullardan biridir. Bunu nəzərə alaraq, Azərbaycanda düyü festivalı təşkil etdik. Düyü festivalında Pakistanın idxalçılarını, Azərbaycanda olan böyük mağaza şəbəkələrini, bankları, logistika şirkətlərini bir araya yığdıq. Biz birbaşa əlaqə yaratdıq, ümid edirəm ki, bu qardaş münasibətlər üçün göstərdiyimiz təşəbbüslər sayəsində Azərbaycana düyü ixracının həcmi artacaq. Həmçinin, Pakistanın geniş tekstil sənayesi var və onun məhsulları Azərbaycana da ixrac edilir.
Bununla yanaşı, Pakistanın böyük əczaçılıq bazarı var. Pakistanda 800-ə yaxın əczaçılıq şirkəti fəaliyyət göstərir. Biz Azərbaycana əczaçılıq nümayəndə heyətini dəvət etmək istəyirik ki, onları Azərbaycandakı həmkarları ilə əlaqələndirək. Məqsədimiz ölkələr arasında əczaçılıq üzrə ticarətin həcmini artırmaqdır.