Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanın Səngəçal terminalından 2015-ci ildə ümumilikdə 296 mln. bareldən artıq neft və kondensat ixrac edilib.
"BP-Azerbaijan" şirkətindən "Report"a verilən məlumata görə, bu həcmin təqribən 261,6 mln.-u Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 31,4 mln. bareldən çoxu Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 2,2 mln. bareli dəmir yolu vasitəsilə və 0,9 mln. barel kondensat ixrac kəməri vasitəsilə ixrac olunub.
Səngəçal terminalından neft və kondensat ixracı 2015-ci ildə 2014-cü ilə nisbətən 0,84% az olub.
BTC vasitəsilə ixrac ötən il 0,62% artıb, Qərb İxrac Boru Kəməri marşrutu ilə eyni həcmdə qalıb, dəmir yolu vasitəsilə 58%, kondensat ixrac kəməri vasitəsilə isə 51% azalıb.
İl ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 26,9 mln. kubmetr (949,5 mln. kubfut) "Şahdəniz" qazı ixrac edilib.
Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İB-nin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.