Bakı. 13 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (2006-cı ilin iyun ayı) 2018-ci ilin sonunadək kəmər vasitəsilə, ümumilikdə, 417 mln. tondan artıq (3,12 mlrd. bareldən artıq) xam neft nəql edilib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, bu neft Ceyhanda 4 085 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2018-ci il ərzində isə BTC vasitəsilə 34 mln. tondan çox (təqribən, 255 mln. barel) xam neft ixrac olunub ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə eynidir. Bu neft Ceyhanda 327 tankerə yüklənib.
Qeyd edək ki, hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən tranzit nefti nəql olunur.