Ötən il AÇG-də gündəlik 588 min barel neft hasil olunub

Ötən il AÇG-də gündəlik 588 min barel neft hasil olunub İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub
Energetika
16 Fevral , 2018 11:59
Ötən il AÇG-də gündəlik 588 min barel neft hasil olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2017-ci ildə gündə orta hesabla 588 min barel və ya ümumilikdə təqribən 215 mln. barel, yəni 29 mln. ton neft hasil olunub. Ötən il hasilatın həcmi 2016-cı ildən 6,75% az olub.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, il ərzində blokdan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib: “İl üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (51 min), “Mərkəzi Azəri” (137 min), “Qərbi Azəri” (124 min), “Şərqi Azəri” (82 min), “Dərinsulu Günəşli” (117 min) və “Qərbi Çıraq” (77 min) platformalarından birlikdə – gündə orta hesabla 588 min barel və ya ümumilikdə təqribən 215 mln. barel, yəni 29 mln. ton olub”.

İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2017-ci ildə AÇG layihəsinə 456 mln. dollardan artıq əməliyyat məsrəfləri və təqribən 1,18 mlrd. dollar əsaslı məsrəflər xərcləyib.

2016-cı ildə AÇG layihəsinə təqribən 503 mln. dollar əməliyyat məsrəfləri və 1,45 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.

2017-ci il sentyabrın 14-də AÇG-nin 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi