OPEC+ ölkələri neft bazarında tələbin artması ilə bağlı müsbət siqnallar müşahidə edir.
“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Energetika naziri Əbduləziz bin Salman rusiyalı həmkarı ilə onlayn formatda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, OPEC+ ölkələri bazardakı vəziyyətlə bağlı izləmədədir.
Nazir qeyd edib ki, 2021-ci ilin dekabr ayında sazişin 2022-ci ilin sonuna qədər uzadılması barədə qərar verilə bilər.
Qeyd edək ki, iyunun 6-da OPEC+ ölkələri nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.
Aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, iyul-dekabrda 7,7 mln barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln barrel azaldılmasını nəzərdə tuturdu.