Yuxarı
    Bağlamaq

    ​OPEC neftin hasilat kvotalarını sabit saxlayıb

    Neftin qiymətinin yenidən 50 dollar/barelə düşəcəyi proqnozlaşdırılır

    Bakı. 5 iyun. REPORT.AZ/ OPEC təşkilatının bu gün Vyanada (Avstriya) keçirilən növbəti toplantısında üzv ölkələrdə hasilat kvotalarının dəyişdirilməməsi qərarı alınıb.

    "Report" xəbər verir ki, növbəti 6 ay ərzində OPEC hasilatı 30 mln. barel/gün səviyyəsində saxlayacaq. Qeyd edək ki, buna baxmayaraq, OPEC-in hasilatı may ayında 31,2 mln. barel/günə qədər yüksəlib. Neftin qiymətinin düşməsi və İranın hasilatı artıracağı ilə bağlı proqnozlara baxmayaraq, üzv ölkələr hasilat kvotalarını dəyişməyib.

    Yanvar ayından etibarən yüksələn neft qiymətləri OPEC-i strategiyasını dəyişdirməmək qərarı almasına səbəb olub. İclasdan çıxarkən Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bildirib ki, onsuz da bu iqtisadi konyunkturda neftin qiymətləri düşməkdə davam edəcək və o bu qərardan məmnundur. Bugünkü qərar İran və Liviya kimi son dövrdə hasilatı azalan ölkələrin hasilatlarını getdikcə artırmaq niyyətlərinin müzakirəsini də ertələyib. İranın neft naziri gündəlik hasilatı 1 mln. barel artırmaq üçün üzvlərin fikrini öyrənmək istəsə də, onlar bunun çox erkən bir müzakirə olduğunu bildiriblər.

    İştirakçılar sanksiyaların İranın üzərindən götürülməsinin və İranın hasilatı artırması prosesinin 2016-cı ildən tez baş verəcəyi gözlənilmədiyini qeyd ediblər. Liviyanın da limanlarda yaranan problemləri aradan qaldıra bilmədiyi vurğulanıb və hasilatın artırılmasının müzakirəsi ertələnib.

    "PIRA Energy Group"un rəhbəri Qari Qross bildirib ki, bazar OPEC-in istədiyi kimi hərəkət edir və Səudiyyə Ərəbistanının yeni sahələrə kapital qoyuluşunun səngiməsi planı tam həyata keçir. Mərkəzi Vaşinqtonda yerləşən "Rapidan Group"un prezidenti Bob MakNelli isə neftin qiymətinin yenidən 50 dollar/barelə düşəcəyini proqnozlaşdırır.

    Qeyd edək ki, kartelin növbəti iclası dekabrın 4-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi