OPEC: Neft istehlakı ilin ikinci yarısında bərpa olunmağa başlayacaq
- 11 mart, 2020
- 14:01
Yeniliklərdən dərhal xəbərdar olun!
OPEC dünyada neft istehlakının 2020-ci ilin ikinci yarısında bərpa olunmağa başlayacağını gözləyir.
“Report” xəbər verir ki, bu barədə qurumun mart hesabatında deyilir.
OPEC dünyada koronavirusun yayılması fonunda qlobal iqtisadi artımın daha zəif olacağı gözləntiləri səbəbi ilə 2020-ci ildə neft tələbatındakı artım proqnozunu sutkada 0,92 milyon barel azaldaraq sutkalıq 60 min barelə endirib.
Hesabatda deyilir ki, koronavirusun onsuz da kövrək qlobal iqtisadiyyata təsirinin miqyası bazar iştirakçıları arasında koordinasiya tələb edir.
“Çində COVID-19 epidemiyasının yayılması və onun nəqliyyat və sənaye üçün yanacaq bazarına mənfi təsiri proqnozun azalmaya doğru dəyişdirilməsinin əsas səbəbləri idi. Bundan əlavə, koronavirusun yayılması digər ölkələrdə və bölgələrdə, məsələn, Çin, Yaponiya, Cənubi Koreya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avropa və Yaxın Şərqdəki ölkələrində neftə olan tələbatın artmasına ciddi təsir göstərəcək. Bu, göstərilən bölgələrdə proqnozun pisləşməsinə səbəb olub”, - hesabatda deyilir.
İndi 2020-ci ildə qlobal neft tələbatının gündəlik 99,73 milyon barel səviyyəsində olacağı gözlənilir. Eyni zamanda ilin ikinci yarısında neft istehlakının ilin birinci yarısına nisbətən daha yüksək olacağı proqnozlaşdırılır.
“Son hadisələri nəzərə alaraq, hazırda göstəricilərin azalma riskləri hər hansı müsbət tendensiyadan yüksəkdir və mövcud vəziyyət davam edərsə, neftə tələbatın artımının yenidən nəzərdən keçirilməsini istisna edilmir”, - təşkilatdan bildiriblər.