Bakı. 25 may. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və hasilatın azaldılması razılığına qoşulan qeyri-OPEC ölkələri neft hasilatının azaldılması şərtlərinin yumşaldılması ehtimalını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Lakin nazir bununla bağlı hələlik qərar qəbul olunmadığını qeyd edib.
“OPEC+ razılığının məqsədi bazarda tarazlıq yaratmaqdır. İyunda Vyanada keçiriləcək görüşə qədər Ruisya və Səudiyyə Ərəbistanı iki görüş keçirməyi planlaşdırır”,- o əlavə edib.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Ötən ilin 30 noyabrında OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub.