Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə lider olub

Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə lider olub Bu ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 931,99 mln kubmetr təbii qaz ixrac edib.
Energetika
28 Dekabr , 2019 15:11
Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə lider olub

Bu ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 931,99 mln kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 20,82% çoxdur. Oktyabrda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 29,5% olub.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycandan Türkiyəyə 7 795,24 mln kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 30,3% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.

Qeyd edək ki, oktyabrda Azərbaycan Türkiyəyə qaz ixracına görə lider olub. Sonrakı yeri İran tutub. Bu ölkənin Türkiyəyə ixrac etdiyi qazın həcmi 856,35 mln kubmet təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə Türkiyə İrandan qaz alışını 27,11% artırıb. Türkiyəyə qaz ixracına görə lider olan Rusiya isə oktyabrda üçüncü sıraya düşüb. Oktyabrda Rusiyadan Türkiyəyə cəmi 594,85 mln kubmetr həcmində qaz ixrac edilib. Bu da 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2,8 dəfə azdır.

Xatırladaq ki, ümumilikdə, bu ilin oktyabr ayında Türkiyə 3 158,89 mln kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 12,96% azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi