Neftin qiyməti niyə mənfiyə düşdü? - EKSPERT RƏYİ

Neftin qiyməti niyə mənfiyə düşdü? - EKSPERT RƏYİ Aprelin 20-də ABŞ-ın Nyu-York şəhərindəki Nyumex əmtəə birjasında WTI markalı Qərbi Texas neftinin qiymətinin mənfiyə düşməsi iki səbəblə bağlıdır.
Energetika
21 Aprel , 2020 14:11
Neftin qiyməti niyə mənfiyə düşdü?  - EKSPERT RƏYİ

"Aprelin 20-də ABŞ-ın Nyu-York şəhərindəki "Nyumex" əmtəə birjasında WTI markalı Qərbi Texas neftinin qiymətinin mənfiyə düşməsi iki səbəblə bağlıdır".

Bunu “Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

"Birincisi, ötən gün səhər ABŞ-da birjalar açılanda qiymət 17,73 ABŞ dolları idi. Bu zaman xəbər yayıldı ki, ölkənin Oklohoma ştatında yerləşən, həm daxili, həm də xarici bazara neft ötürülən anbarlar dolub. Qısa müddətdə neftin qiyməti 10 ABŞ dollarına, sonra 5 ABŞ dollarına, bir qədər sonra isə Bakı vaxtı ilə saat 20:56-da, ABŞ vaxtı ilə isə saat 11:56-da 0 ABŞ dollarına düşdü. Tədricən isə qiymət mənfi oldu. Bu isə o deməkdir ki, satıcılar alıcılara hər barel neftə görə pul verirdilər. Dünya neft tarixində belə bir şey görünməyib.

İkinci səbəb isə odur ki, Səudiyyə Ərəbistanından hər birinin tutumu 1 milyon barel olan 20 tankerin ABŞ-a istiqamətlənməsi ilə bağlı xəbər yayıldı. Bu tankerlər gələn ayın ortalarında ABŞ-a çatmalıdır. Təbii ki, ABŞ neftlə aşıb-daşır, əlavə neftin gəlməsi xəbəri isə bazarda təzyiq yaratdı və qiymətlərə təsir etdi

Bundan əvvəl isə ABŞ-ın neft ehtiyatlarının artması ilə bağlı yerli Enerji Administrasiyasının hesabatları açıqlanıb. Bununla da dünyanın ən böyük neft istehlak edən ölkələrinin birində neft bazarının çökməsini və bunun ardınca günün ikinci yarısında ABŞ fond birjalarının bütün indekslərinin qırmızı xətlə aşağı düşməsinin müşahidə etdik”, - o deyib.

Ekspertin sözlərinə görə, ötən gün axşama doğru London əmtəə birjasında "Brent" markalı neftin də ucuzlaşması müşahidə olunub: “İlk dəfə Rusiyanın “Urals” markalı nefti mənfi qiymətlərlə (-1,63 ABŞ dollarına alıcılara təklif edilib. Məlumdur ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə Avropa və Amerika bazarları karantin rejiminə keçib və istehlak daralıb, bu günə qədər də vəziyyət dəyişməyib.  Avropada bir neçə ölkə karantin rejimini qismən yumşaltsa da, istehsal, hava nəqliyyatı ilə uçuşlar dayanıb və istehlak minimuma düşüb. Nəticə etibarı ilə bazarda neftin ucuz olmasından istifadə edən şirkətlər, ölkələr, neftayırma zavodları çoxlu neft alıblar. Yəni, onlar öz enerji ehtiyatlarını görüblər və bu ehtiyatlarda azalma olmayıb, odur ki, sonda neft bazarı çöküb. Bu da gözlənilən hal idi”.

İ.Şabanın fikrincə, Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələrin (OPEC+) aprelin 9-da gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı qəbul etdiyi qərar neftin bahalaşmasına səbəb  olmayacaq: “Çünki, bu, 2016-cı ilin oktyabr ayının göstəricisidir. Reallıqda Rusiya və Səudiyyə Ərəbistanı üçün gündəlik hasilatın azaldılması 2,5 milyon bareldirsə, mart və yaxud aprel ayının göstəriciləri Rusiya üçün 1,8 milyon barel, Səudiyyə Ərəbistanı üçün isə 1,3 milyon barel olub. Yəni kağız üzərində neftin gündəlik hasilatının azaldılması 10 milyon bareldirsə, təcrübədə hamı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə belə, cəmi 6-7 milyon barel yığışdırılması deməkdir. Bu isə bazar üçün real nəticələr deyil. Çünki, aprel ayının yekunları üzrə bazarda gündəlik olaraq 29 milyon barel izafi neft mövcuddur. Bu qədər nefti alan yoxdur, ancaq istehsal davam edir. Təbii ki, neftin qiyməti düşməlidir. Burada heç bir siyasi qüvvənin, hər hansı qrup ölkələrin digər bir qrup ölkələrə qarşı birləşməsi halı görünmür. Bu, sırf olaraq təklifin tələbi dəfələrlə üstələməsi amilidir".

Son xəbərlər

Orphus sistemi