Təxminən bir il sonra neftə olan tələbat böhrandan əvvəlki vəziyyətinə qayıda bilər.
“Report” məlumat verir ki, bu fikri Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Növbəti 6 ay ərzində ABŞ-da, Çində və Avropada neft tələbatının bərpa olunacağının şahidi olacağıq. Dünya üzrə tələbat isə 1 il sonra böhrandan əvvəlki vəziyyətinə qayıda bilər”, - Birol agentliyə bildirib.
Onun fikrincə, əgər OPEK+ bu il ərzində neft hasilatını artırmazsa, təkliflə tələb arasında fərq artaraq xammalın qiymətinin yüksəlməsinə səbəb ola bilər.
Bundan başqa, Birol hesab edir ki, qarşıda neft bazarını çətin illər gözləyir. Buna səbəb enerji keçidinin əhəmiyyətli dəyişikliklərə səbəb olmasıdır.
Xatırladaq ki, BEA-nın mart ayına aid proqnozuna görə, neftə olan qlobal tələbatın 2019-cu ildəki vəziyyətə çatması 2023-cü ildən tez olmayacaq. Təşkilatın builki son proqnozuna görə, neftə olan tələbatın artımı gündəlik 5.4 milyon barrel təşkil edəcək.