Neft yenidən ucuzlaşmağa başlayıb

Neft yenidən ucuzlaşmağa başlayıb "Report": Qiymətlər 2020-ci ilə qədər 20 dollar/barelə qədər enə bilər
Energetika
22 Avqust , 2016 10:15
Neft yenidən ucuzlaşmağa başlayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Dünya əmtəə bazarlarında neftin qiyməti son 3 həftədə müşahidə olunan sərt artımdan sonra bu gün, avqustun 22-dən etibarən azalmağa başlayıb. "Report" xəbər verir ki, neft qiymətlərində başlayan azalmaya səbəb, cümə günü, avqustun 19-da ABŞ-da hər həftənin son iş günü açıqlanan fəaliyyətdə olan neft-qaz qazma quyularının sayında ardıcıl 8-ci həftə artması amili olub. 

"Report" ABŞ-ın neft-qaz xidmət sektorunda fəaliyyət göstərən "Baker Hughes" şirkətinin hesabatına istinadən bildirir ki, fəaliyyətdə olan neft-qaz qazma quyularının sayı avqustun 12-19-da 10 ədəd və ya 2,07% artaraq 491 ədəd təşkil edib. Neft quyularının sayı 10 ədəd və ya 2,52% artaraq 406 ədədə çatıb. Qaz quyularının sayında isə hesabat həftəsi ərzində heç bir dəyişiklik baş verməyib və aktiv quyuların sayı 83 ədəd təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə isə aktiv quyuların sayı 394 ədəd və ya 44,5% azalıb. Xatırladaq ki, fəaliyyətdə olan quyuların sayı fevraldan etibarən ilk dəfə 400-dən çox olub.

"The Wall Street Journal" xəbər verir ki, Sinqapurun "OCBC" bankının analitiki Barnabas Qanın (Barnabas Gan) açıqlamasında hazırda neft bazarında ziddiyyətli amillərin olduğunu qeyd edib: "Biz, OPEC-in  sammiti ərəfəsində neft qiymətlərində sərt dalğalanmalar gözləyirik".

Qeyd edək ki, sentyabr ayında baş tutması gözlənilən OPEC sammitində neft hasilatının dondurulması ilə bağlı danışıqların aparıla biləcəyi ehtimalları "Brent" markalı neftin qiymətini son 3 həftə ərzində 41,55 dollar/bareldən 9,67 dollar/barel və ya 23,27% artımla 51,22 dollar/barelə yüksəlməsinə səbəb olub. ABŞ-da açıqlanan fəaliyyətdə olan quyuların sayının artması xəbərindən sonra isə "Brent" markalı neftin barelinin qiyməti 51,22 dollardan 2,26% azalma ilə 50,06 dollara enib.

"National Australia Bank"ın analitiki Vyen Ley (Vyanne Lai) "The Wall Street Journal"a verdiyi müsahibədə bildirib ki, neft hasilatçısı olan ölkələr sammitdən öncə sadəcə açıqlamalar verir: "Neft bazarı iştirakçıları isə hasilatın dondurulması qərarının həyata keçməyəcəyini düşünür".

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri yaxın 1 il ərzində 35-55 dollar/barel diapazonunda qalacaq. Qlobal iqtisadi böhranın 2020-ci ilə qədər davam edəcəyi və bu müddət ərzində kəskin hal alacağı proqnozlaşdırılır ki, nəticədə, neft qiymətlərinin 20 dollar/bareldən də aşağı düşməsi ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi