Nazir: "ABŞ-da şist neft hasilatının həcmi bərpa olunacaq"
- 20 dekabr, 2016
- 06:40
Bakı. 20 dekabr. REPORT.AZ/ ABŞ-da şist neft hasilatı həcminin tezliklə bərpası proqnozlaşdırılsa da, lakin 2014-2015-ci illlərdəki kimi izafi istehsalın olacağı gözlənilmir. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak "Vedomosti" qəzetinə müsahibəsində verib.
"Düşünürəm ki, ABŞ-da hasilat müəyyən qədər bərpa olunacaq, amma 2014-2015-ci illərdəki kimi həddindən artıq həcmdə olmayacaq", - deyə nazir bildirib.
A.Novak, həmçinin qeyd edib ki, əgər hasilatın effektivliyi hazırda olduğu kimi ildə 15-20% artmaqda davam edərsə, ABŞ şist nefti neft bazarında öz payını artıraraq yerini möhkəmlədəcək: "Unutmayaq ki, dünya neft istehlakı ildə orta hesabla 1,1-1,2 mln. barel/gün artır. Tələbdəki artımın bir hissəsi məhz şist neft hesabına təmin ediləcək".
"Report" xəbər verir ki, neft qiymətlərinin kəskin azalması fonunda ABŞ-da şist neft hasilatı azalaraq gündəlik 8,4 mln. barelə qədər ensə də, hazırda neft qiymətlərinin bərpası nəticəsində hasilat 8,8 mln. barel/günə yüksəlib. Bununla yanaşı, ABŞ-da aktiv neft quyularının sayı da mayda ilin minimal həddi - 316 ədədə gerilədikdən sonra keçən həftənin sonuna 61,4% artaraq 510 ədədə çatıb.