Meksika OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşündə “OPEC+” üzrə neft hasilatının gündəlik 10 milyon barrel azaldılması barədə təklifinə müsbət yanaşmayıb.
“Report” xəbər verir ki, Meksikanın Energetika naziri Rosio Nale görüşün yekunları barədə “Twitter” hesabında paylaşım edərək bunları yazıb:
“OPEK katibliyinin neft qiymətlərini sabitləşdirmək üçün apardığı danışıqlarda Meksika qarşıdakı iki ay ərzində neftin gündəlik 100 min barel azaldılmasını təklif edib. Mart ayında bəyan etdiyimiz gündəlik neft hasilatının həcmini 1,7 milyon bareldən 1,6 milyon barelə endirəcəyik”.
Qeyd edək ki, plana əsasən cari ilin may-iyun aylarında neft hasilatı gündəlik 10 milyon barel, ilin sonuna qədər kvota gündəlik 8 milyon barel azaldılmalıdır. 2021-ci ilin aprel ayının sonunadək isə gündəlik 6 milyon barelə qədər enməlidir.
Lakin, Meksika üç mərhələ ilə - gündəlik neft hasilatının həcmini 400-320-240 min barel azaltmaq barədə irəli sürülən təkliflə razılaşmayıb.
Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidməti də “RİA Novosti”yə bu faktı təsdiq edib.
Meksika istisna olmaqla, digər OPEC + ölkələri gündəlik neft hasilatını müxtəlif vaxtlarda və müxtəlif həcmlərdə azaltmaq barədə razılığa gəliblər.