Bu il keçirilən Bakı Enerji Həftəsinin təşkilatçılığı çox uğurlu alınıb.
Bunu "Report"a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkətinin Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və investisiya departamentinin rəhbəri Məryəm Rəşid Əl-Məzrui bildirib.
"Təbii ki, "Masdar" gələn ilin Bakı Enerji Həftəsinin bu dəfəkindən azı daha uğurlu alınacağını gözləyir və ümid edir: Gələn ilin Bakı Enerji Həftəsi bu il Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra keçiriləcəyi üçün daha çox iştirakçı gözləyirik. Çünki, COP29 çoxlarının diqqətindədir".
M. Məzrui bildirib ki, builki Enerji Həftəsində sayca daha çox iştirakçı iştirak edib: "Müzakirələrdə daha çoxtərəfli mövzuların müzakirəsinin şahidi olduq. "Masdar" şirkəti olaraq bizim Bakı Enerji Həftəsində iştirakımız çox vacib idi. Biz Azərbaycanı əsas tərəfdaş və partnyor olaraq görürük".
O qeyd edib ki, dünən Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəri (SOCAR) ilə "Masdar" şirkəti arasında 3 bərpa olunan enerji stansiyasının təməli qoyulub: "Bu təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir də iştirak edirblər. Dünən təməli qoyulan layihələrdən iki günəş və bir quruda külək enerjisi layihəsidir. Bunlardan birincisi Biləsuvada 445 MVt günəş elektrik enerjisi layihəsi, ikincisi Nefçalada 315 MVt gücündə digər günəş enejisi layihəsidir, üçüncüsü isə 240 MVt gücündə olan Abşeron-Qaradağ külək elektrik enerjisi layihəsidir".
Xatırladaq ki, Bakı Enerji Həftəsi çərçivəsində SOCAR və "Masdar" şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaların inşasını əhatə edir. İmzalama mərasimində SOCAR ilə "Masdar" şirkəti arasında bərpa olunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədini daşıdığı diqqətə çatdırılıb. Bu sənədin Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 %-ə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacağı xüsusi qeyd edilib.
Ümumi gücü 1 GVt olan 3 stansiyanın təməlinin qoyulması Azərbaycanın COP29-un ev sahibi kimi "yaşıl dünya" naminə enerji keçidinə sadiqliyinin parlaq göstəricisidir. Həmçinin layihələrin icrası nəticəsində illik təxmini 2,3 milyard kVt/saat elektrik enerjisinə qənaət olunacaq ki, bunun da nəticəsində təxminən illik 1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.