Süleyman Qasımov: "Maliyyə qıtlığına baxmayaraq, SOCAR büdcə öhdəliklərini yerinə yetirməkdə davam edir"

Süleyman Qasımov: "Maliyyə qıtlığına baxmayaraq, SOCAR büdcə öhdəliklərini yerinə yetirməkdə davam edir" "2015-ci ildə 123 mln. manata qənaət edilib"
Energetika
27 Aprel , 2016 19:24
Süleyman Qasımov: Maliyyə qıtlığına baxmayaraq, SOCAR büdcə öhdəliklərini yerinə yetirməkdə davam edir

Bakı. 26 aprel.REPORT.AZ/ Maliyyə qıtlığına baxmayaraq, SOCAR büdcə öhdəliklərini yerinə yetirib və yetirməkdə davam edir.

"Report" xəbər verir ki, bunu bu gün "Caspian European Club"un (Caspian Business Club) təşkil etdiyi biznes forumda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Biznes-forumda çıxış edən S.Qasımov qeyd edib ki, ötən ilin sonunda “Günəşli” yatağının 10-cu platformasında baş vermiş və insan tələfatı, eləcə də hasilatın azalması ilə nəticələnmiş texnogen qəza, həmçinin neftin qiymətinin ucuzlaşması və milli valyutanın devalvasiyası şirkətlərin maliyyə vəziyyətinin zəifləməsinə səbəb olub.

“Buna baxmayaraq, biz həm 2015-ci il, həm də 2016-ci ilin birinci rübündə neft və qaz hasilatı üzrə planı yerinə yetirmişik. Bundan əlavə, dövlət büdcəsi qarşısında üzərimizə düşən vəzifələrin öhdəsindən də layiqincə gəlmişik”, - deyə o qeyd edib.

S.Qasımovun sözlərinə görə, SOCAR neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası və qazma əməliyyatları həyata keçirmək məqsədilə Beynəlxalq Bankdan 1,860 mlrd. manat məbləğində (1,260 mlrd. manatı  neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası üçün)kredit cəlb edib: "Bu vəsaitdən 2015-ci ildə 200 mln. manat “Bulla-dəniz”, “Ümid”, “Günəşli” yataqlarında quyuların qazılması və istismarı üçün ilk tranş həyata keçirilib. Neft-kimya müəssisələrinin yenidən qurulması üçün isə 69 mln. manat həcmində ilk tranş əldə olunub və mənimsənilməkdədir. Ehtiyac yarandıqca mərhələli şəkildə tranşlar həyata keçiriləcək".

O, həmçinin dövlət kreditləri hesabına həyata keçirilən və yekunlaşmaq üzrə olan ölkənin qazlaşdırılması məsələsinə də toxunaraq qeyd edib ki, həmin proqram bu il yekunlaşdırılacaq: "Hazırda ən mühüm vəzifə neft-qaz hasilatını qoruyub saxlamaq və sabitləşdirmək, imkan daxilində əldə olunan qazın həcmini artırmaqdır".

S.Qasımov deyib ki, SOCAR-ın xərcləri azaltmaq və ya optimallaşdırmaq yolu ilə gəlirləri artırmaqla bağlı layihələri mövcuddur: "Bu iş Ernst&Young şirkəti ilə əməkdaşlıq çərçivəsində aparılır. Bu iş sayəsində 9 idarə və müəssisədə 705 tədbir həyata keçirilib və hazırda da keçirilməkdədir. Bunun sayəsində 350 mln. manata qənaət olunacaq. Təkcə 2015-ci ildə 123 mln. manata qənaət edilib”.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək SOCAR-ın beynəlxalq şirkətə çevrilməsi istiqamətində də qızğın iş davam etdirilir: "Şirkət nəzdində Daxili Audit və Risklərin İdarə Olunması institutları yaradılıb. Bu ilin əvvəlində “Pricewaterhouse Coopers” şirkəti ilə birgə daxili nəzarət sisteminin yaradılması yekunlaşıb. Bununla yanaşı, şirkətdə fəaliyyət göstərən əməkdaşların sayı optimallaşdırılıb. Beş il əvvəl SOCAR-da 75 min əməkdaş çalışırdısa, 2015-ci ildə bu rəqəm 52,5 min nəfərə yaxın olub. Biz 2016-cı il yanvarın 1-dən əməkhaqlarının ödənilməsi üzrə yeni sistem və standartlar tətbiq etmişik. 5 mindən artıq vəzifə standartları tətbiq olunub. Bu standartlar əməkdaşların işini üfüqi və şaquli qiymətləndirməyə imkan verəcək. Nəticədə məvacib 7 kateqoriya üzrə (əmək stajı, təcrübə, peşəkarlıq, fəaliyyətin qiymətləndirilməsi və s.) artacaq. Beləcə işçilər öz iş yerlərində inkişaf üçün motivasiya olunacaqlar”.

Vitse-prezident həmçinin SOCAR-ın investisiya layihələrinə də toxunub: "2018-ci ildə Türkiyədə “Star” Neft Emalı Zavodunun inşası layihəsi üzrə işlər yekunlaşacaq. Türkiyədəki Petlim limanının tikintisi demək olar ki, yekunlaşıb. Limanın yaxın aylarda açılışı nəzərdə tutulub. Eyni zamanda, Karbamid Zavodunun inşası və “Socar-Polymer” layihəsinin həyata keçirilməsi davam etdiriləcək".

“Borcumuz 6,3 mlrd. dollar təşkil edir. Biz onu xüsusi həssaslıqla idarə edirik. Borcların böyük hissəsi uzunmüddətlidir. Həmin müddət əsasən 10-15 il təşkil edir”, - deyə S.Qasımov deyib.

Vitse-prezident qeyd edib ki, 2015-ci ilin yekununa görə, "Petkim Holding" 500 mln. türk lirəsi həcmində balans gəliri əldə edib: "Bu layihə üzrə SOCAR-ın qazandığı dividendlər “Star” Neft Emalı Zavodunun inşasının maliyyələşməsinə və borcların qaytarılmasına yönəldilib.

S.Qasımov həmçinin SOCAR-dakı struktur islahatlarından da danışıb: "Geologiya və emal üzrə iki yeni vitse-prezidentin təyinatı daha səmərəli idarəçiliyə yol açacaq".

Biznes-forumda çıxış edən "Caspian European Club"un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, o cümlədən tədbir zamanı "Caspian European Club"un (Caspian Business Club) üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Süleyman Qasımova minnətdarlığını bildirib.

Вiznes-forum zamanı Süleyman Qasımova "Caspian European Club"un (Caspian Business Club) fəxri üzvlük sertifikatı təqdim olunub. Bundan əlavə, "Caspian European Club"un (Caspian Business Club) yeni şirkətlərinə - "New Technologies JSC", "Grata Azerbaijan LLC" və "SOCAR Polymer"ə də sertifikatlar verilib.

Son xəbərlər

Orphus sistemi