Liviyada neft hasilatının artması OPEC sazişinə zərbə vura bilər

Liviyada neft hasilatının artması OPEC sazişinə zərbə vura bilər 30 noyabr Vyana anlaşması pozula bilər
Energetika
4 Yanvar , 2017 13:57
Liviyada neft hasilatının artması OPEC sazişinə zərbə vura bilər

Bakı. 4 yanvar. REPORT.AZ/ Liviya özünün ən böyük neft yatağında hasilatı 2 illik fasilədən sonra artırmağa başlayıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu ay təxminən 1,9 mln. barel neft "Şarara" yatağından hasil olunaraq "Əz-Zavia" limanına göndəriləcək.

Qeyd edək ki, "Şarara" yatağının ötən ay yenidən istismar edilməsinə başlanılıb və bununla da Liviyanın gündəlik neft hasilatı 650 min barelə yüksəlib. Bununla yanaşı ölkədə əsas limanların fəaliyyəti də bərpa olunub. 

Xatırladaq ki, Liviyanın Milli Neft Korporasiyasının rəhbəri Mustafa Sanalla dekabrın 21-də bəyan edib ki, 2017-ci ilin yanvar ayında ölkədə gündəlik neft hasilat 900 min barelə çata bilər. Bu baş versə, Liviyanın neft hasilatındakı artım Neft İxrac Edən Ölkələr Birliyi - OPEC-in azaltmağa qərar verdiyi gündəlik hasilat həcminin 1/3-i qədər olacaq. 

"Report"un analitik qrupu hesab edir ki, neft hasilatının artırılması ilə bağlı xəbərlər və ABŞ-da artan aktiv neft quyularının sayı neftin qiymətinin yüksəlməsinə mane olacaq. Belə ki, İraqdan gələn son məlumatlara görə, oradakı müstəqil kürd bölgəsi neft hasilatı kvotalarına riayət etmir. Nəticədə yaxın aylarda digər neft hasilatçısı ölkələri 30 noyabr Vyana anlaşmasından imtina edə, bu isə nefti kəskin ucuzlaşdıra bilər. 

Son xəbərlər

Orphus sistemi