Bakı. 25 dekabr. REPORT.AZ/ Macarıstanın MOL və Finlandiyanın "Neste" şirkətlərinin nümayəndələri Rusiyanın "Urals" neftinin son vaxtlar kifayət qədər pisləşən keyfiyyətinə diqqət yetirməsi üçün "Lukoil"un prezidenti Vahid Ələkbərova müraciət edib. "Report" xəbər verir ki, bu barədə Rusiyanın "Parym" iqtisadi informasiya agentliyi məlumat verib.
"Finlər və macarlar mənə müraciət edib. Onlar "Urals" xam neftinin keyfiyyətindən narazıdılar. Mən də öz növbəmdə, məsələni diqqətdə saxlaması üçün hökumətə müraciət edəcəyəm. Qoy, bu məsələni diqqətdə saxlasınlar", - V.Ələkbərov agentliyə açıqlamasında deyib.
"Praym" agentliyinin yazdığına görə, "Urals" neftinin keyfiyyətinin pisləşməsi Avropa bazarında Rusiya şirkətlərinin pay itkisi ilə nəticələnə bilər. Rusiya neftinin keyfiyyəti yaxşılaşmazsa, avropa emal zavodları digər bölgələrdən alternativ neft axtarışına başlaya bilər.