“KazMunayQaz” SOCAR ilə Qazaxıstan neftinin Azərbaycandan tranzitini artırmaq üçün plan hazırlayır

“KazMunayQaz” SOCAR ilə Qazaxıstan neftinin Azərbaycandan tranzitini artırmaq üçün plan hazırlayır Qazaxıstanın milli neft-qaz şirkəti olan “KazMunayQaz” (KMQ) hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin həcminin artırılması üçün növbəti plan hazırlayır.
Energetika
25 İyul , 2023 12:33
“KazMunayQaz” SOCAR ilə Qazaxıstan neftinin Azərbaycandan tranzitini artırmaq üçün plan hazırlayır

Qazaxıstanın milli neft-qaz şirkəti olan “KazMunayQaz” (KMQ) hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin həcminin artırılması üçün növbəti plan hazırlayır.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, “KazMunayQaz” ilə SOCAR arasında əldə olunmuş razılaşmalara əsasən, bu il Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton həcmində Qazaxıstan neftinin nəqlinə başlanılıb. Neft marşrut üzrə paritet (50 %/50 %) əsasında nəql olunur. Qazaxıstan tərəfdən dəniz daşıyıcısı qismində “Kazmortransflot” (KMQ-nin törəmə müəssisəsi), Azərbaycan tərəfdən isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) təyin edilib.

KMQ sərbəst nəqliyyat imkanlarının və Aralıq dənizinə çıxışın (Ceyhandakı Türkiyə liman terminalı Aralıq dənizində yerləşir) mövcudluğunu nəzərə alaraq, Aktau-Bakı-Ceyhan marşrutunu prioritet ixrac istiqaməti hesab edir. Azərbaycan tərəfinin təklifi ilə KMQ Bakı-Supsa neft kəmərindən və potensial dəmir yolu marşrutlarından istifadə imkanlarını nəzərdən keçirir. Eyni zamanda, Qazaxıstan şirkəti qeyd edib ki, neftin nəqlinin istiqaməti marşrutun iqtisadi səmərəliliyindən və daşınma qiymətindən asılı olacaq.

Bildirilib ki, 2023-cü ilin payızından başlayaraq “Caspian Integrated Maritime Solutions” (CIMS, “KazMunayQaz” və “Abu Dhabi Ports” (BƏƏ) şirkətlərinin birgə müəssisəsi) tərəfindən alınan iki tankerlə Xəzər vasitəsilə ildə 800 min ton neft nəql ediləcək: “Əməkdaşlıq çərçivəsində CIMS hər birinin dedveyti 8 min ton olan iki tanker alıb. Bir tankerin dəyəri təxminən 15 milyon ABŞ dolları təşkil edib. Bu ilin payızında bu tankerlər Xəzər dənizinə (Aktau) çatacaq və fəaliyyətə başlayacaq. Bu tankerlərin Aktau-Bakı marşrutu üzrə daşıma qabiliyyəti ildə təxminən 800 min ton təşkil edəcək”.

Eyni zamanda, tərəfdaşlar tanker donanmasının daha da inkişafını nəzərdə tuturlar və tankerlərin alınması ilə bağlı qərarlar dəniz daşımalarının gözlənilən həcmləri əsasında qəbul ediləcək. KMQ Transxəzər marşrutu üzrə dəniz daşımalarının artım perspektivlərini nəzərə alaraq, Qazaxıstanın tanker donanmasının təkmilləşdirilməsi və inkişaf etdirilməsinin zəruri olduğunu düşünür.

Aktau-Bakı marşrutu ilə neft daşımaq üçün istifadə edilən “Kazmortransflot” tankerləri beynəlxalq neft şirkətlərinin tələblərinə cavab verir. Artıq “Kazmortransflot”un bütün tankerləri Transxəzər marşrutu ilə daşımalarda iştirak edir. Buna görə də KMQ bu marşrut boyu tələbatın yüksək olduğu halda oxşar tankerlərin neftin nəqli üçün birgə müəssisəyə icarəyə verilməsini istisna etmir.

Şirkət qeyd edib ki, Aktauda neft Qazaxıstan və Azərbaycan bayraqları altındakı gəmilərə yüklənir. Yükün dəyəri isə gəminin növü və ölçüsündən, limanlar arasındakı məsafədən və müqavilələrin şərtlərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. KMQ hesab edir ki, Xəzərdə tanker parkının yaradılmasının səbəblərindən biri daşımaların keyfiyyətinə və təhlükəsizliyinə daha yüksək səviyyədə nəzarət imkanının yaradılmasıdır.

O vaxt Qazaxıstanın Energetika Nazirliyinə rəhbərlik edən Bolat Akçulakov aprelin əvvəlində bildirmişdi ki, Xəzər dənizi ilə neft nəqlinin inkişafına yüksək daşıma tarifləri mane olur. Məsələn, 1 ton neftin Bakıya nəqlinin dəyəri dəmir yolu, sonra isə tankerlə də daxil olmaqla, təxminən 100 ABŞ dolları təşkil edir. Bu da onun Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi vasitəsilə ixracı ilə müqayisədə bir neçə dəfə bahadır.

Onun sözlərinə görə, neftin Xəzər dənizi vasitəsilə Bakıya, daha sonra isə Avropaya nəqli məsələsini öyrənmək məqsədilə bu il bu istiqamətdə 1,5 milyon ton neftin sınaq rejimində daşınmasına dair saziş imzalanıb. Energetika Nazirliyi maraqlı tərəflərlə əlavə müqavilələrin bağlanması üzərində işləyir.

“Məsələn, biz neft tankerləri inşa etməliyik. Onların harada inşa ediləcəyi, sayı, gələcəkdə harada təmir ediləcəyi ilə bağlı məsələləri birgə həll edirik”, - B.Akçulakov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi