İtaliya Azərbaycandan neft idxalını azaldıb
- 19 iyun, 2023
- 06:33
Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya 4 milyon 595 min 738,70 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 2 milyard 840 milyon 446,67 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 3 %, dəyəri isə 14,6 % azdır.
Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 39,1 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.