“IEEE Spectrum”: Azərbaycan Avropaya enerji dəhlizinin işə salınması üçün bərpa olunan enerji mənbələri layihələrini həyata keçirir

“IEEE Spectrum”: Azərbaycan Avropaya enerji dəhlizinin işə salınması üçün bərpa olunan enerji mənbələri layihələrini həyata keçirir Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi hesabına “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji dəhlizi”nin (Black Sea Energy) uğurlu işə salınması üçün zəruri infrastrukturu yaradır.
Energetika
8 Noyabr , 2024 15:32
“IEEE Spectrum”: Azərbaycan Avropaya enerji dəhlizinin işə salınması üçün bərpa olunan enerji mənbələri layihələrini həyata keçirir

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi hesabına “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji dəhlizi”nin (“Black Sea Energy”) uğurlu işə salınması üçün zəruri infrastrukturu yaradır.

"Report" xəbər verir ki, bu barədə “IEEE Spectrum” nəşrində dərc edilmiş məqalədə deyilir.

Nəşr ilkin ekspert qiymətləndirmələrinə əsasən bildirib ki, sualtı kabel tikintisi təxminən 3,5 milyard avro (3,8 milyard ABŞ dolları) dəyərində olan layihə çərçivəsində növbəti 6 il ərzində başa çata bilər.

Məqalə müəllifləri qeyd ediblər ki, bu layihənin reallaşması üçün iştirakçı ölkələrin hökumətləri bir sıra texniki və maliyyə maneələrini operativ şəkildə aradan qaldırmalıdır.

"Milanın CESI konsaltinq və mühəndislik şirkəti bu layihənin potensialını qiymətləndirərək müəyyən edib ki, o, Avropada 2 milyondan çox ev təsərrüfatını təmin etməyə kifayət edən 1,5 QVt-a qədər enerji ötürə bilər", - məqalədə vurğulanıb.

Vurğulanıb ki, CESI hazırda enerji dəhlizinin - Xəzər dənizindən Avropaya qədər - effektivliyini və ötürücülük qabiliyyətinin 4-6 QVt-a qədər artırılması imkanlarını qiymətləndirmək üçün ikinci tədqiqat aparır.

Nəşr qeyd edib ki, bu layihənin resurs bazasını yaratmaq üçün Azərbaycan hazırda xarici investisiyaların cəlb edilməsi ilə günəş və külək elektrik stansiyalarının inşasını həyata keçirir. Xüsusilə, bu işlər “Masdar” (BƏƏ) və “ACWA Power” (Səudiyyə Ərəbistanı) şirkətləri ilə həyata keçirilir və bu layihələr Azərbaycanda ümumi gücü 11 QVt-dan çox olan elektrik stansiyalarının tikilməsinə imkan verəcək.

Məqalə müəllifi, həmçinin hesab edir ki, Bakıda keçiriləcək COP29 iqlim konfransı nəşrin transkontinental adlandırdığı bu layihənin həyata keçirilməsinin irəliləməsinə kömək edəcək.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1 QVt, uzunluğu 1 195 km-dir.

Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi