İtaliya səfiri: “TAP üzrə işlər qrafikə uyğun irəliləyir”

İtaliya səfiri: “TAP üzrə işlər qrafikə uyğun irəliləyir” Rəsmi Roma laiyhənin qrafik üzrə icrasında maraqlıdır
Energetika
7 Sentyabr , 2017 11:21
İtaliya səfiri: “TAP üzrə işlər qrafikə uyğun irəliləyir”
Report/ Orxan Əzim

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəmərinin (TAP) İtaliya hissəsində işlər qarfikə uyğun həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini bildirib.

“Prezident İlham Əliyevə etimadnaməmi təqdim edəndə də bildirmişdim ki, İtaliya hökuməti TAP-ın qrafikə uyğun irəliləməsində maraqlıdır. Biz bütün addımları yerinə yetiririk, layihə üzrə işlər davam etdirilir", - o deyib. 

Səfirin sözlərinə görə, hədəf 2020-ci ilə qədər TAP-ın istismara verilməsidir: “Bunun üçün bütün lazımi addımlar atılıb. Zeytun ağaclarının köçürülməsi ilə bağlı problem var idi, amma qeyd etdiyim kimi, hökumət bəzi tənzimləmələr həyata keçirdi. Hər şey nəzarət altındadır. Zeytun ağacları köçürülüb və boru kəməri inşa olunduqdan sonra əvvəlki yerinə qaytarılacaq”. 

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi