"İqtisadi sahəyə gəldikdə, əziz qardaşım, hörmətli Prezident bir müddət bundan öncə qarşıya hədəf qoymuşdur ki, ticarət dövriyyəsi 15 milyard dollara çatsın. Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcəkdir".
"Report" xəbər verir ki, bu sözləri fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçısı bildirib: "Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu, böyük ölçüdə sərmayənin qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər.
Təbii ki, bu gün biz gələcək işbirliyi haqqında geniş fikir mübadiləsi apardıq. Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir və əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Çünki bunun son layihəsi - TAP-ın icrası 92 faizə çatıbdır. Enerji ilə bağlı digər məsələlər də müzakirə edildi.
Müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparıldı. Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq.
Nəqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında bu gün danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda, Naxçıvanın gələcək fəaliyyəti, uğurlu inkişafı haqqında da fikir mübadiləsi aparıldı. Üç il bundan əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutuldu. Buna görə də biz minnətdarıq və əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır.
Bu gün biz kənd təsərrüfatı və təhsillə bağlı bir çox məsələləri müzakirə etdik. Burada da çox böyük potensial var. Yəni, gündəlik kifayət qədər geniş olmuşdur və heç bir məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Əksinə, fikrimiz birdir, niyyətimiz birdir, amalımız birdir -Türkiyəni və Azərbaycanı daha da gücləndirmək.
Fürsətdən istifadə edərək, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın türk xalqı qarşısında göstərdiyi xidmətlər haqqında demək istərdim. Onun yorulmaz fəaliyyəti nəticəsində Türkiyə bu gün dünya çapında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik. Ağır günlərdə, Allah eləməsin, amma əgər olarsa, hər zaman bir-birimizin yanında olacağıq.
Bir daha əziz qardaşım, Sizi səmimiyyətlə salamlayıram, Sizə və qardaş Türkiyə xalqına daimi rifah və xoşbəxtlik arzulayıram. Sağ olun".