Hindistanın Azərbaycandan neft idxalının həcmi açıqlanıb
- 20 may, 2024
- 11:11
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Hindistana 802 min 548,88 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 511 milyon 927,16 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,05 %, dəyəri isə 5,73 % azdır.
Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 11,58 % olub.
Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 364 milyon 589,72 min ABŞ dolları dəyərində 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % azalıb, idxal isə 3,1 % artıb.