Hindistan Azərbaycandan neft alışını 78 % artırıb
- 22 mart, 2024
- 06:21
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Hindistana 574 min 400,33 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 359 milyon 981,90 min ABŞ dolları təşkil edib.
2024-cü ilin ilk iki ayında Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 78,02 %, dəyəri isə 78,29 % çoxdur.
Bu ilin yanvar-fevral ayında Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 12,5 % olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən iki ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 826 milyon 058,64 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.