Hindistan Azərbaycandan neft alışını 36 %-dən çox artırıb
- 18 aprel, 2024
- 14:39
Bu ilin yanvar-mart aylarında Azərbaycan Hindistana 712 min 883,74 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 454 milyon 380,81 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Hindistana tədarük olunan neftin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,5 %, dəyəri isə 44,3 % çoxdur.
Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracındakı payı 12,73 % olub.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 490 milyon 147,94 min ABŞ dolları dəyərində 5 milyon 600 min 505,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.