Tofiq Qəhrəmanov: "Hazırda SOCAR-ın əməkdaşlarının 85 faizini 35 yaşadək işçilər təşkil edir"

Tofiq Qəhrəmanov: "Hazırda SOCAR-ın əməkdaşlarının 85 faizini 35 yaşadək işçilər təşkil edir" “Azərkimya” İstehsalat Birliyinin təkmilləşdirilməsinə 300 mln. dollar ayrılacaq"
Energetika
11 May , 2016 19:16
Tofiq Qəhrəmanov: Hazırda SOCAR-ın əməkdaşlarının 85 faizini 35 yaşadək işçilər təşkil edir

Bakı. 11 may. REPORT.AZ/ Caspian European Club-un (Caspian Business Club) bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun iştirakı ilə təşkil etdiyi biznes-forumda Azərbaycanın neft-qaz strategiyasının inkişafının əsas aspektləri müzakirə olunub.

"Report"un Caspian European Club-a istinadən verdiyi xəbərə görə, neft və qaz ehtiyatlarından bəhs edərkən T.Qəhrəmanov bildirib ki, bu gün Azərbaycanda isbatlanmış neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 2,55 trln. kub m-dir. Onun sözlərinə görə, hazırda SOCAR-ın əməkdaşlarının 85 faizini 35 yaşadək işçilər təşkil edir.

Vitse-prezident yeni neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) inşası layihəsinin həyata keçirilməsindən danışıb. Tofiq Qəhrəmanovun sözlərinə görə, Neft Emalı Zavodunda bu gün istismar olunan qurğular artıq köhnəlib. Bu fikir “Azərkimya” İstehsalat Birliyində istismar edilən qurğulara da aiddir.

Bununla əlaqədar olaraq, ilkin dəyəri 14,5 milyard ABŞ dollar, kredit üzrə kapitallaşdırılmış faizlə birgə isə 17 milyard ABŞ dollarından artıq olan OGPC layihəsi başlanıb. Sonradan OGPC-nin nəzdində Neft Emalı Zavodunun tikintisini təxirə salmaq barədə qərar qəbul edilib. Bunun sayəsində layihənin dəyərini 7 milyard ABŞ dollarınadək (kredit üzrə kapitalaşdırılmış faizi nəzərə almaqla 8,5 milyard ABŞ dollar) aşağı salmaq mümkün olub

“OGPC layihəsi hazırlanarkən biz onlarla şirkətin qatıldığı lisenziar seçiminə dair tender keçirtdik. Həmin dövrdə layihənin mənfəətlilik əmsalı 20-21 faizi ötürdü. Lakin neftin qiyməti sürətlə aşağı düşəndə buna uyğun olaraq neft-kimya məhsulları da ucuzlaşdı. Layihənin mənfəətliliyi xeyli aşağı düşdü və eyni zamanda potensial partnyor investorların layihəyə olan marağı azaldı”

Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi barədə qərar qəbul edilib. Layihənin təqribi dəyəri 1 milyard ABŞ dolları təşkil edir. Bundan əlavə, 300 milyon ABŞ dolları isə “Azərkimya” İstehsalat Birliyinin təkmilləşdirilməsinə ayrılacaq.

“OGPC üçün lisenziarları bir il seçirdik. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi ilə biz vaxta və pula qənaət etdik”, - deyə o qeyd edib.

“Məqsədimiz 2018-ci ilin iyulunda yeni bitum qurğusunu, 2019-cu ildə avro-5 standartına uyğun dizel yanacağının istehsalı üzrə qurğunu, 2020-ci ildə isə avro-5 standartına uyğun benzin istehsalı üzrə qurğunu işə salmaqdır”.

Biznes-forumda çıxış edən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Biznes-forum zamanı Tofiq Qəhrəmanova Caspian European Club-un (Caspian Business Club) fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un (Caspian Business Club) yeni şirkətlərinə (Baratson, Seaport Catering, Şərq Kimya Şirkəti Bakı, Shahdag Tourism Center) sertifikatlar verilib.

Son xəbərlər

Orphus sistemi