“Gürcüstanın energetika sahəsində genişmiqyaslı regional layihələrdə geosiyasi rolu güclənib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Energetiklər Gününə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, son illərdə Gürcüstan regional əhəmiyyətli layihələrin reallaşdırılması ilə bağlı tarixi hadisələrdə iştirak edib: “Şahdəniz” layihəsinin ikinci mərhələsi çərçivəsində tranzit boru kəmərimizin ötürücülük qabiliyyəti gücləndirilib. Ötən il TANAP layihəsinin ikinci hissəsi açılıb. Yaxın zamanlarda Avropa hissəsinin - Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatdırılacaq. Bunun nəticəsində Avropaya Gürcüstan vasitəsilə qaz tədarükü həyata keçiriləcək. Bu, Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir və xalqımıza daha çox fayda gətirəcək, belə ki, strateji funksiyamızın yerinə yetirilməsinə görə iqtisadi mənfəətimiz artacaq”.