Gürcüstan Cənub Qaz Dəhlizi layihəsinin icrasında artan gəlirlərini açıqlayıb

Gürcüstan Cənub Qaz Dəhlizi layihəsinin icrasında artan gəlirlərini açıqlayıb Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ölkəyə əlavə 400 mln. dolların yatırılmasını təmin edəcək
Energetika
20 May , 2016 15:22
Gürcüstan Cənub Qaz Dəhlizi layihəsinin icrasında artan gəlirlərini açıqlayıb

Bakı. 20 may. REPORT.AZ/ Gürcüstan bir neçə gün öncə Salonikidə (Yunanıstan) təməli qoyulan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşasından investisiyanın həcminin artmasını, enerji təhlükəsizliyinin güclənməsini və əlavə miqdarda qaz alınmasını gözləyir. "Report" xəbər verir ki, bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili "Kommersant" qəzetinə bildirib.

Nazir müavini qeyd edib ki, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində Gürcüstan ərazisində iki kompressor stansiyası quraşdırılacaq: "Gürcüstan ərazisində işin həcmi məhdud olsa da, mal və xidmətlərin alınmasına xərclər 400 mln. dollar təşkil edəcək və 1 000 nəfər işlə təmin olunacaq. Boru kəməri işə düşdükdən sonra isə 200 nəfər daimi işlə təmin ediləcək".

M.Valişvili hazırda "Şahdəniz" konsorsiumu ilə razılıq çərçivəsində Gürcüstan ərazisindən tranzit haqqı olaraq qazın 5%-lik həcminin güzəştli qiymətlə alındığını və bu həcmin ildə 300 mln. kubmetr təşkil etdiyini bildirib. O qeyd edib ki, "Şahdəniz-2" layihəsi işə düşdükdən sonra isə bu göstərici 800 mln. kubmetrə çatacaq: "Bu, Gürcüstanın uzun illər təhlükəsiz və stabil qaz təchizatı ilə təminatı üçün kifayət qədər böyük resursdur".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın 3 500 km məsafə qət edərək Avropaya nəqlini nəzərə tutan layihədir. Cənub Qaz Dəhlizi üç boru kəməri - Cənubi Qafqaz Boru Kəməri (CQBK, Azərbaycan və Gürcüstan ərazisi), Trans-Anadolu Boru Kəməri (TANAP, Türkiyə ərazisi), Trans-Adriatik Boru Kəmərindən (TAP, Yunanıstan, Albaniya, İtaliya) ibarətdir.

Son xəbərlər

Orphus sistemi