Ukrayna ətrafındakı qarşıdurmanın artması neftin bahalaşmasına təkan verir.
“Report” xəbər verir ki, bunu TASS-a “Fitch Ratings” Beynəlxalq Agentliyinin təbii ehtiyatlar və xammal qrupunun baş direktoru Dmitriy Marinçenko bildirib.
“Yəqin ki, hazırda neftin qiymətindəki geosiyasi amilin payı 15 dollara yaxındır. Bundan sonra gərginlik artmasa, sanksiyalar minimum həddə olsa və neft-qaz sektoruna şamil olmasa, münaqişə dondurulsa, həmin rəqəm sıfırlanacaq. Əksinə, gərginlik bundan sonra artsa və nəticədə Rusiyanın neft sənayesinə qarşı sanksiyalar tətbiq edilsə, neftin qiyməti 100 dollar həddini xeyli keçə bilər. Bu halda enerji böhranın da başlaması istisna edilməyib", - o deyib.
Onun sözlərinə görə, Rusiyanın dünya neft bazarındakı payı 10 faizdir: "Hazırda tələbatın get-gedə bərpa olunduğu da nəzərə alınsa, boş istehsalat gücləri az qalıb. Hətta İrana qarşı sanksiyalar ləğv olunsa belə, bunun təsir az olacaq”.
Qeyd edək ki, son günlər Ukrayna ətrafındakı hadisələrin təsiri ilə “Brent” markalı neftin qiyməti aramsız artaraq bu gün 99 dollar həddini keçib.