Bakı. 5 aprel. REPORT.AZ/ Finlandiya “Şimal axını-2” boru kəmərinin ölkənin xüsusi iqtisadi zonasından keçməsi nəzərdə tutulan hissəsinin inşasına razılıq verib.
“Report” “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin məlumatında bildirilib.
Boru kəməri layihəsinin 374 km hissəsinin Finlandiyanın xüsusi iqtisadi zonasının ərazisindən keçməsi nəzərdə tutulur. Boru kəmərinin ümumi uzunluğu isə, təxminən, 1220 km-dir.
Hökumətin razılığı şərtidir. Şərtə görə, tikinti zamanı qəza və zərərin qarşısının alınması və minimallaşdırılması prinsipinə diqqət edilməli, həmçinin Baltik dənizinin xüsusiyyətləri və iqtisadi zonadakı digər layihələr nəzərə alınmalıdır.
Qeyd edək ki, “Şimal axını-2” layihəsi illik ötürücülüyü 55 mlrd. kubmetr olan iki xəttin inşasını nəzərdə tutur.