Ermənistan neft-qaz infrastrukturumuza təhlükə yaradırmı?

Ermənistan neft-qaz infrastrukturumuza təhlükə yaradırmı? Bu kimi çılğın təhdidlər ortaya atan Ermənistan gələcəkdə irimiqyaslı regional layihələrdə iştirak etmək ehtimalını daha da azaldır
Energetika
5 Oktyabr , 2020 18:23
Ermənistan neft-qaz infrastrukturumuza təhlükə yaradırmı?

Azərbaycanın iqtisadi cəhətdən Ermənistandan qat-qat üstün olmasını bəzən hətta təəssüflə də olsa, qeyd edən əcnəbi ekspertlər bunu hərbi üstünlüyümüzün mühüm amili olaraq dəyərləndirirlər. Odur ki, Ermənistan ordusunun daha çox iqtisadi infrastrukturumuza ziyan vurmaq cəhdləri məntiqli görünür. Elə bu ilin yayında Avropaya istiqamətlənən neft, qaz, nəqliyyat xəttlərinin yaxınlığında hərbi təxribat törədərək ölkəmizin müsbət iqtiasadi imicinə xələl gətirmək istəyirdilər.

İndi isə Ermənistan hökuməti Azərbaycanın neft-qaz kəmərlərinə və hasilat platformalarına zərbə endirməklə bağlı hədə-qorxu gələrək, böyük ehtimalla, döyüş meydanında aciz və çarəsiz qaldıqlarını büruzə verir. Belə ki, Ermənistanın deputatı Arman Babacanyan “Facebook” səhifəsindən belə bir paylaşım edib: “Azərbaycanda milyonlarla ABŞ dolları məbləğində Qərb layihələri, infrastruktur obyektləri, neft və qaz kəmərləri regionda təhlükəsizlik girovu olaraq bundan belə Ermənistan silahlı qüvvələrinin hədəfində olmalıdır. Çünki Bakı rəhbərliyi onlardan əldə etdiyi gəliri, vəsaitləri regionda terrorçuluğu yaymaq üçün istifadə edir. Artıq bu, birinci dərəcəli məsələdir”.

Beləliklə, Ermənistan parlamentinin üzvü ciddi-cəhdlə boru kəmərlərini, neft-qaz platformlarını partlatmağa çağırır. Xatırladaq ki, vaxtilə Adolf Hitler belə Bakının neft yataqlarını, mədənlərini ələ keçirməyi nə qədər arzulayırdısa da, tarixi məxəzlərə görə, onları partlatmağı ağlına gətirməyib. Adətən bu kimi çağırışları sırf terrorçular səsləndirir. Erməni terrorçuların isə qəddarlığı, amansızlığı hamıya məlumdur. “Bu, Ermənistanın terror taktikasının daha bir nümunəsidir”, – deyə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter”dəki hesabından bu çağırışı şərh edib.

Bəs bu hədələr nə dərəcədə gerçəklidir? Bu suala təkcə bir cavab var: sırf boşboğazlıqdır, həm də ağlasığmaz dərəcədə sərsəmləmədir. Bu bəyanatın hüquqi tərəfini kənara qoyaraq iqtisadi nöqteyi-nəzərindən nəzər yetirsək, elə erməni deputatın da qeyd etdiyi kimi, həmin layihələrdə təkcə Azərbaycanın, Gürcüstan və Türkiyənin yox, Azərbaycan qazının yolunu gözləyən bütün Avropanın maraqlı olduğunu xatırlatmaq istərdik. Həmin layihələri həyata keiçirildiyi ilk gündən ABŞ da ardıcıl olaraq dəstəkləyir. Eyni zamanda bu gün Ermənistanın da əlinə baxdığı beynəlxalq maliyyə təsisatlarının əsas donoru da eynilə ABŞ və Avropa ölkələridir.

Bununla yanaşı, boru kəmərlərinə, hasilat platformlarına zərbə endirilərsə, ortaya çıxan ekoloji fəlakətin böyük fəsadlarını təkcə Azərbaycan yox, qonşu ölkələr də yaşayacaqlar. Aydın məsələdir ki, belə bir qudurğanlığı Ermənistana nə İran, nə Rusiya, nə Qazaxıstan, nə də Türkmənistan bağışlayar.

Digər tərəfdən, sözügedən layihələrini öz ərazisində icra etməklə təhlükəsizliyinə cavabdehliyini də unutmayan Azərbaycan tərəfdaşları ilə birgə həmin boru kəmərlərinin və hasilat platformlarının müasir standartlara uyğun etibarlı mühafizə sistemini qurub, bu işdə ən müasir texnologiyalardan istifadə olunub. Elə əvvəlcədən həmin qurğular mümkün təhdidləri də nəzərə almaqla tikilirdi. Xatırladaq ki, Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin tikinti işlərinə başlandığı 2003-cü ilinin aprel ayında Dağlıq Qarabağ münaqişəsi 15 yaşında olub. Yəni sözügedən layihələrə külli miqdarda sərmayə yatıran hər kəs təhlükəsizliyi təmin etmək baxımdan Azərbaycanın imklanlarına bələddir və etimad göstərir.

Bu gün də hərbi vəziyyətin elan edildiyi Azərbaycanda neft-qaz sektorunun fəaliyyəti adi qaydada davam edir. SOCAR da, “BP Azerbaijan” da Azərbaycan yataqlarındakı hasilat işlərinin, Gürcüstana və Türkiyəyə ixracat nəqlinin adi qaydada davam etdiyi barədə birmənalı açıqlamalar verib.

Həmçinin Energetika Nazirliyi də neft və qaz kəmərlərindəki mühafizə işlərinin strateji obyektlərlə bağlı mühafizənin təşkili qaydalarına uyğun şəkildə, yüksək səviyyədə qurulduğunu bildirib. Bundan əlavə Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində də tikinti işləri son mərhələsindədir. Azərbaycan təbii qazının Avropaya nəql ediləcəyi bu kəmərin cari ilin sonuna nəzərdə tutulan açılışını təxirə salmaq üçün hər hansı səbəb yoxdur.

Beləliklə, Azərbaycanın iştirakı ilə həyata keçirilən neft-qaz layihələri ətrafında Ermənistan tərəfindən hansısa ajiotaj yaratmaq cəhdləri əbəsdir, ölkəmizin iqtisadiyyatına, sərmayə baxımdan cəlbedici olmasına heç bir xələl gətirə bilməz. Əksinə, irimiqyaslı regional layihələrlə bağlı bu kimi çılğın təhdidlər ortaya atan Ermənistan gələcəkdə bu cür layihələrdə iştirak etmək ehtimalını daha da azaldır. Aydındır ki, belə bir aqressiv və qeyri-ciddi tərəfdaşla iş görməyi heç kəs istəməz.

Qulu Nuriyev, ekspert

Son xəbərlər

Orphus sistemi