Enerjidə qlobal çağırışlar: şaxələndirmə

Enerjidə qlobal çağırışlar: şaxələndirmə “Hər bir ölkə enerji məsələsində şaxələndirməyə və təhlükəsizliyə diqqət yetirməlidir”.
Energetika
23 Sentyabr , 2019 17:49
Enerjidə qlobal çağırışlar: şaxələndirmə

“Hər bir ölkə enerji məsələsində şaxələndirməyə və təhlükəsizliyə diqqət yetirməlidir”.

Bu fikirləri ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon (Kent Logsdon) Texas ştatının Ostin şəhərində jurnalistlərlə görüşündə səsləndirib.

Bu gün istər enerjiyə çıxışı olan, istərsə də karbohidrogen hasil edən ölkələr üçün enerjidə alternativ həllər aktualdır. Bu mənada bir çox ölkə şaxələndirmə məsələsinə xüsusi diqqət yetirir, bir mənbədən, eyni növ enerjidən asılı olmamaq üçün müəyyən addımlar atılır.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu və Xarici Mətbuat Mərkəzləri tərəfindən bir neçə ölkənin jurnalistlərindən ibarət "Enerji təhlükəsizliyi milli təhlükəsizlikdir" mövzusunda təşkil olunan turda da enerji mənbələrinin, növlərinin, nəql marşrutlarının şaxələndirilməsi əsas mövzulardan idi.

K.Loqsdon da enerji təhlükəsizliyinin vacibliyindən danışaraq şaxələndirməni xüsusi vurğulayıb: “Hər bir ölkə şaxələndirməyə və təhlükəsizliyə diqqət etməlidir. Hər bir zaman istənilən ölkənin eyni mənbə ölkədən və eyni cür enerjidən asılı olması milli təhlükəsizliyə təhdiddir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik kimi düşünülməli məsələdir”.

     

O, təmsil etdiyi qurumun da şaxələndirməyə dəstək verdiyini, Enerji Ehtiyatları Bürosunun əsas hədəflərindən birinin də enerji mənbələrinin, nəqlinin və marşrutlarının şaxələndirilməsini dəstəkləməklə ABŞ-ın və tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək olduğunu bildirib.

Ostin şəhərində yerləşən Texas Universitetində keçirilən “Qabaqcıl enerji kursu” adlı seminarda da enerji növlərinin şaxələndirilməsi, bərpa olunan enerjidən istifadədə Texasda istifadə olunan metodlar, elektrik enerjisi sisteminin şaxələndirilmiş portfeli müzakirə olunub, enerjinin ABŞ-ın milli təhlükəsizliyində önəmli olduğu və ölkənin qlobal diplomatik səylərində əsas amil olduğu qeyd edilib.

Texasda bərpa olunan enerjidən istifadə

Texas ABŞ-ın neft-qaz hasilatı və ixracı üzrə formalaşan, buna baxmayaraq, ölkənin bərpa olunan enerji mənbələri üzrə əsas mərkəzlərindəndir. 

Ostində yerləşən enerji üzrə konsaltinq şirkəti olan “Klein Energy” şirkətinin sədri Beki Klein  (Becky Klein) bildirir ki, Texas neft-qaz ixracına davam etsə də, özü daha çox bərpa olunan enerji istehlak edəcək.

O, məlumat verib ki, Texasda 2018-ci ildə 376 mlrd. kilovatsaat enerji istehlak olunub ki, bu da 2017-ci ildən 5% çoxdur. Enerji istehlakının 44,4%-i təbii qazın, 24,8%-i kömürün, 18,6%-i külək enerjisinin, 10,9%-i nüvə enerjisinin, 1,3%-i isə digər mənbələrin payına düşüb.

2019-cu il üzrə ştatın generasiya gücünün 52,4%-i təbii qazın, 23,4%-i külək enerjisinin, 15,9%-i kömürün, 5,4%-i nüvə enerjisinin, 2,1%-i günəş enerjisinin, 0,9%-i isə digər mənbələrin hesabına formalaşıb.

"Wall street journal" nəşrinin enerji üzrə jurnalisti, bərpa olunan enerji mənbələrinə keçid prosesindən bəhs edən "Supergüc" kitabının müəllifi Rassl Gold (Russell Gold) hesab edir ki, ABŞ-ın enerji balansında bərpa olunan enerji və təbii qazın payı artacaq. O qeyd edib ki, hazırda enerji balansında bərpa olunan enerji mənbələrinin payı, təxminən, 10%, nüvə enerjisinin payı, təxminən, 20%, kömürün payı, təxminən, 20% təşkil edir, qalanı isə təbii qazın payına düşür: "Düşünürəm ki, kömürün payı azalmağa davam edəcək, nüvənin payı bir qədər azalacaq. ABŞ bazarında təbii qaz və bərpa olunan enerjiyə doğru sürətlə addımlayırıq".

Azərbaycanda vəziyyət necədir?

Azərbaycan neft-qaz hasilatçısı və ixracatçısı olmasına baxmayaraq, şaxələndirməyə önəm verir və ölkənin enerji balansında bərpa olunan enerji mənbələri hesabına əldə edilən enerjinin payını artırmaq, enerji mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinə nail olmaq, ölkənin bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadəni təmin etmək və bu sahədə təşviqedici mexanizmlərin tətbiqi məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafı üçün işlər görür.

Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində normativ hüquqi bazanın hazırlanması, bərpa olunan enerji mənbələri zonalarının təyini və potensial investorlarla əməkdaşlıq üçün addımlar atılır.

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi işlənilib.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7546 MVt-dır. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü isə 1276 MVt-dır. Bu da ümumi gücün 17%-ni təşkil edir. Elektrik enerjisinin 92%-i təbii qazdan əldə edilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı isə, təqribən, 8%-dir. 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmaq əsas hədəflərdəndir.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi iqtisadi potensialı 26 940 MVt gücündə qiymətləndirilir. Ən böyük iqtisadi potensial 23 040 MVt güclə günəş enerjisində hesab edilir. Külək enerjisinin 3 min MVt, hirdoenerjinin 520 MVt, bioenerjinin 380 MVt, geotermal enerjinin isə 40 termal iqtisadi potensialı var.

Ölkədə bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflər hazırlanıb. Bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq aparılır.

ABŞ-dan dəstək

Kent Loqsdon da bildirib ki, ABŞ Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi prosesdə əməkdaşlıq edə bilər.

O qeyd edib ki, ABŞ-ın bərpa olunan enerji mənbələri sahəsində böyük təcrübəsi var və ABŞ enerji strategiyasının vacib hissəsi olaraq enerji mənbələrini, həmçinin bərpa olunan enerji mənbələrini şaxələndirib.

Dövlət Departamenti rəsmisi bərpa olunan enerji mənbələri ilə bağlı ABŞ-ın özəl şirkətlərini Azərbaycana cəlb etmək üçün hansı çərçivənin ən yaxşısı ola biləcəyini müzakirə edə biləcəklərini də qeyd edib.

Son xəbərlər

Orphus sistemi