Emin Axundzadə: "Azərbaycanın öz qazı Naxçıvanda istehlak edilmiş olacaq”

Emin Axundzadə: "Azərbaycanın öz qazı Naxçıvanda istehlak edilmiş olacaq” Enerji təhlükəsizliyinin üç əsas göstəricisi mövcuddur. Bunlar təchizatın şaxələndirilməsi, enerjinin ucuz təmin edilməsi və enerjinin fasiləsiz təmin edilməsidir.
Energetika
16 Dekabr , 2020 14:02
Emin Axundzadə: Azərbaycanın öz qazı Naxçıvanda istehlak edilmiş olacaq”

"Enerji təhlükəsizliyinin üç əsas göstəricisi mövcuddur. Bunlar təchizatın şaxələndirilməsi, enerjinin ucuz təmin edilməsi və enerjinin fasiləsiz təmin edilməsidir".

Bunu “Report”a enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə Türkiyənin İğdır şəhərindən Naxçıvana inşa ediləcək yeni qaz kəməri layihəsi ilə bağlı imzalanmış Anlaşma Memorandumunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan İğdır-Naxçıvan qaz boru kəmərinin həyata keçirilməsi ilə enerji təhlükəsizliyinin üç əsas elementlərini həyata keçirməklə enerji təhlükəsizliyini gücləndirmiş olacaq.

Ekspert deyir ki, ilk növbədə Naxçıvan təbii qaz təchizatını şaxələndirmiş olacaq: “Bu, bizim üçün olduqca əhəmiyyətlidir. Çünki enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bir mənbədən asılı olmaq ciddi risklər meydana gətirə bilər. Başqa sözlə, texniki və ya müxtəlif səbəblərə görə təbii qazın verilməsində müəyyən fasilələr yarana bilər ki, bu da öz növbəsində, iqtisadi baxımdan böyük fəsadlar ortaya çıxara bilər. Digər tərəfdən tək mənbədən asılı olduğunuz zaman, bu qiymətlər üzərində də öz mənfi təsirni göstərir. Yəni, qiymətlə bağlı bazarlıq etmək şansı çox aşağı olur və ya bir çox halda heç olmur. Qarşı tərəfin təklif etdiyi şərtlər ilə razılaşmalı olursunuz. Bu isə qarşı tərəfdən asılılığı artırır".

Emin Axundzadə
Emin Axundzadə

Azərbaycan yüksək tranzit haqqından qurtulacaq

E. Axundzadə deyir ki, Azərbaycan tərəfi bunu bundan əvvəl müşahidə edib: “Hazırda Naxçıvana təbii qaz Azərbaycan və İran arasında svop müqaviləsi əsasında təmin edilir. Bu müqaviləyə əsasən, Azərbaycanın Naxçıvana göndərdiyi hər 1 000 kubmetr təbii qazın 15 %-i “tranzit haqq” olaraq İran tərəfinə verilir. Dünya təcrübəsinə və oxşar müqavilələrə baxdığımız zaman məlum olur ki, bu, çox yüksək bir qiymətdir. Hazırda Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə nəql etdiyi təbii qazın müqabilində Gürcüstana 5 % tranzit haqqı ödəyir. Dünya təcrübəsində də 5 % məqbul rəqəm olaraq dəyərləndirilir. Ancaq bununla belə Azərbaycan hazırda Naxçıvana nəql olunan təbii qazın müqabilində dünya ortalamasından 3 dəfə çox tranzit haqqı ödəyir. İğdır-Naxçıvan qaz boru kəməri isə təchizat şaxələndirilməsinin həyata keçirilməsinə imkan verəcək, nəticədə Azərbaycan yüksək tranzit haqqından qurtula biləcək”.

Onun fikrincə, bu, həmçinin Azərbaycan üçün təbii qazı qənaət etməyə də imkan verəcək: “Qənaət edilən qaz həcmləri ixrac edilə və ya daxili bazarda istifadə edilə bilər. Həmçinin, Naxçıvan bu kəmərinin inşası ilə enerji təhlükəsizliyini gücləndirəcək və fasiləsiz olaraq artıq qardaş Türkiyə üzərindən təbii qazı almış olacaq.

Boru kəmərinin digər bir əhəmiyyəti də odur ki, bundan əvvəl Azərbaycan təbii qazını İrana göndərirdi, İran isə öz növbəsində təbii qazını bunun müqabilində Naxçıvana göndərirdi. Ancaq bundan sonra Naxçıvana birbaşa Azərbaycan qazı getmiş olacaq. Yəni Azərbaycanın öz qazı Naxçıvanda istehlak edilmiş olacaq. Başqa sözlə, Azərbaycan Naxçıvana təchiz olunacaq qazın keyfiyyətinə özü nəzarət edə biləcək”.

Naxçıvana rəqabət üstünlüyü qazandıracaq

Enerji mütəxəssisi deyir ki, İğdır-Naxçıvan boru kəmərinin inşası və istifadəyə verilməsi Naxçıvanın sənayesinin inkişafına da öz töhfəsini verəcək: “Çünki, təbii qaz təchizatı şaxələndiriləcəyi üçün Naxçıvan daha böyük həcmlərdə və daha əlverişli qiymətlərlə təbii qaz ilə təchiz edilə biləcək. Bu isə, Naxçıvanda istehsal olunan sənaye məhsullarının maya dəyərinin aşağı düşməsinə təsir göstərəcək, nəticədə Naxçıvana əlavə rəqabət üstünlüyü qazandıracaq. Sənayenin inkişafı isə öz növbəsində iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaranmasına və məşğulluq səviyyəsinin artmasına təkan verəcək”.

Onun sözlərinə görə, boru kəmərinin inşası təqribən 270 günlük bir dövrü əhatə edəcək, ondan əvvəl isə mühəndislik, satınalma, təchizat və digər çalışmalarla bərabər 2022-ci ilin ortalarında bu kəmərin istifadəyə verilməsi nəzərdə tutulur: “Təbii ki, bu da öz növbəsində bölgə iqtisadiyyatının canlanmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Nəzərə alsaq ki, boru kəmərinin tikintisi müddətində inşaat, dəmir-polad, xidmət və digər bir neçə sektor faydalanacaq, deməli boru kəmərinin məcmu faydası bölgə iqtisadiyyatı üçün nəzərdə tutulan investisiya miqdarından dəfələrlə çox olacaq”.

Dostluq və qardaşlıq daha da möhkəmlənəcək

Ekspert vurğulayıb ki, yeni İğdır-Naxçıvan boru kəmərinin inşası və istifadəyə verilməsində ən əsas səbəblərdən biri isə Türkiyə və Azərbaycan arasında yeni dostluq və qardaşlıq körpüsünün inşa edilmiş olmasıdır.

O qeyd edir ki, bu olduqca əhəmiyyətlidir: “Bundan əvvəl bizim birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) kimi meqalayihələrimiz vardı. Təbii ki, bunlar bizim strateji müttəfiqliyimizi və qarşılıqlı əməkdaşlıq əlaqələrimizi daha da gücləndirib. Bu mənada, yeni bir boru kəmərinin inşa edilməsi həm dövlətlər, həm də xalqlar arasındakı dostluq, qardaşlıq əlaqələrini daha da qüdrətlənməsinə və güclənməsinə öz töhfəsini verəcək.

Enerji mütəxəssisi: "Boru kəmərinin məcmu faydası bölgə iqtisadiyyatı üçün nəzərdə tutulan investisiya miqdarından dəfələrlə çox olacaq"

Emin Axundzadə

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru

Xatırladaq ki, dünən Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

Qeyd edək ki, Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Son xəbərlər

Orphus sistemi