Ekspert: "Xəzərdən Avropaya enerji ixracında Zəngəzur dəhlizinin mühüm rolu olacaq"

Ekspert: "Xəzərdən Avropaya enerji ixracında Zəngəzur dəhlizinin mühüm rolu olacaq" "Azərbaycan Xəzər dənizinin enerji resurslarının dünya bazarına çıxarılmasında onun sahilində yerləşən beş ölkə arasında lider mövqeyə malikdir və Xəzər Azərbaycan üçün böyük iqtisadi əhəmiyyətə malik dənizə çevrilib".
Energetika
3 İyun , 2022 12:14
Ekspert: Xəzərdən Avropaya enerji ixracında Zəngəzur dəhlizinin mühüm rolu olacaq

"Azərbaycan Xəzər dənizinin enerji resurslarının dünya bazarına çıxarılmasında onun sahilində yerləşən beş ölkə arasında lider mövqeyə malikdir və Xəzər Azərbaycan üçün böyük iqtisadi əhəmiyyətə malik dənizə çevrilib".

Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Bununla belə, onun fikrincə, enerji ehtiyatlarının nəqli üçün Xəzər dənizinin statusu məsələsi həll edilməlidir.

“Müxtəlif vaxtlarda bu istiqamətdə addımlar atılıb və irəliləyişlər əldə edilib. Qazaxıstanda 5 ölkə arasında görüş keçirildi və bu görüşdə konvensiya qəbul edildi ki, buna Xəzərin konstitusiyası da deyirlər. Bu görüşdə Xəzərin səthinin bölüşdürülməsi ilə bağlı beş ölkə arasında yekdil razılıq əldə olundu. Əvvəlki şərtlərdən fərqli olaraq bu konvensiya ilə Xəzər dənizinin səthi boyunca 28 km məsafə hər bir ölkənin ərazi suları hesab olunur, 18 km məsafədə isə balıqçılıq fəaliyyətinə icazə verilir. Amma balıqçılıq fəaliyyəti və ərazi sularından istifadə iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün yetərli deyil. İqtisadi fəaliyyətin ən yetərli və effektiv hissəsi Xəzərin dibindədir. Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı isə hələ də beş ölkənin hər biri tərəfindən dəqiq olaraq razılaşdırılmış hüquqi sənəd yoxdur. Bu məsələdə daha çox İran tərəfi digər dörd ölkə ilə razılıq əldə etməyən vəziyyətdədir. Əvvəllər İran və Türkmənistan bu vəziyyətdə idi. Daha sonra Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə bağlı müəyyən razılıqlar əldə olundu. Xəzərin dibində yerləşən yataqların bölüşdürülməsi və birgə işlənməsi ilə bağlı ciddi addımlar atıldı. 1989-cu ildə Azərbaycan Xəzərdə “Kəpəz” yatağı aşkar etdi. Türkmənistan tərəfi bunu “Sərdar” adlandırırdı. Bu yataqdan bu günə qədər istifadə olunmayıb. Azərbaycan tərəfi də müxtəlif vaxtlarda bu yatağın istifadəsi və əlverişli şərtlər daxilində birgə işlənməsi ilə bağlı güzəşt və təkliflər irəli sürdü. Amma Xəzərin statusu məsələsi gündəmdə olmadığından bununla bağlı birmənalı dəqiq işlərin aparılması çətin oldu. 2018-ci ildə Xəzəryanı dövlətlərin kompromisə gəlməsi və Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanı imzalamasından sonra bu məsələ də ciddi şəkildə öz həllinə yaxınlaşdı. Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen ehtiyyatlarının birgə işlənməsi ilə bağlı anlaşma memorandumu imzalandı. Xəzərin dibinin ehtiyatları kifayət qədər çox böyükdür və “Dostluq” sadəcə ordakı yataqlardan biridir”.

Ekspert onu da deyib ki, enerji resurslarının ixracı üçün infrastruktur problemi çoxdan həll olunub: "Bu infrastruktur üzrə bir neçə istiqamət var ki, bunlardan ən nəhəngi Cənub Qaz dəhlizidir. Bu layihə “Şahdəniz” layihəsi, Cənubi Qafqaz Boru Kəməri layihəsi, TANAP layihəsi və TAP layihəsinin genişləndirilmiş formasıdır və İtaliyaya qədər uzanan ərazini əhatə edir. Bu dəhliz vasitəsilə Azərbaycan Xəzərin potensialını Avropanın təhlükəsizliyinə yönəldə bilib. Xəzər həmçinin Orta Asiyanın karbohidrogen ehtiyyatlarının Trans-Xəzər boru kəməri vasitəsilə Avropaya Azərbaycan üzərindən açılmasına imkan verir. Bütün hallarda Orta Asiyanın da Avropaya çıxşı üçün Azərbaycanın mühüm əhəmiyyəti var. Uzaq perspektiv üçün Zəngəzur dəhlizinin ciddi şəkildə rolu olacaq. Yeni boru kəmərlərinin çəkilməsinə də ehtiyac olacaq. Bu zaman Zəngəzur dəhlizi də bu işdə öz rolunu oynayacaq. Çünki Cənub Qaz dəhlizi kifayət qədər potensiala malik olsa da, bu potensial Orta Asiyanın karbohidrogen ehtiyyatlarını Avropaya çatdırmaq üçün yetərli deyil. Belə ki, TAP-ın ötürücülük gücü təxminən 10 milyard kub metrə qədərdir. Bunun artırılması isə 20 milyard kub metrə qədər mümkündür. Texniki cəhətdən, boruların davamlılığı və təzyiqə dözümlülük baxımından TAP-ın ötürücülük gücünün 20 milyard kub metrdən artıq artırılması mümkün deyil. Bu artırılmada Xəzərin dibindəki yataqların işlənməsi potensialından istifadə edilə bilər. Eyni zamanda Orta Asiyada olan qaz ehtiyyatlarının Avropaya ötürülməsi mümkün ola bilər”.

Son xəbərlər

Orphus sistemi