Transxəzər qaz kəməri layihəsi kommersiyadan daha çox siyasi alver predmetinə çevrilib.
Bunu “Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyaların jurnalistlərinə verdiyi müsahibəsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti çıxışında çox gözəl olaraq vurğuladı ki, Transxəzərlə bağlı məsələlər əslində siyasiləşdirilməməlidir: “Bununla göstərilirdi ki, indiyə qədər bu kəmərlə bağlı verilən bəyanatlar - Qərbdən, Şərqdən, Şimaldan, Cənubdan ancaq siyasi xarakter daşıyır və bir ölkənin digərinə təzyiqi və yaxud siyasi alver predmeti kimi müxtəlif belə səpkili məqsədlər güdür. Ancaq o məqsədin içərisində biz hələ kommersiya məqsədini görə bilmirik”.
Ekspert qeyd edib ki, kommersiya məqsədi odur ki, Türkmənistan qazının alınıb, daşınıb və Avropadakı istehlakçılara çatdırılması ilə bağlı hansısa addımlar atılmalıdır: “Buna görə də Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu layihəyə siyasi dəstək veririk və ya bizə müraciət etsələr, biz öz tərəfimizdən lazım olan addımları, dəstəyi verəcəyik. Ancaq biz bu layihənin təşəbbüskarı kimi çıxış edə bilmərik, çünki bu boru kəməri ilə nəql ediləcək qaz bizim qaz deyil. Yəni layihənin gerçəkləşməsi üçün qazın satıcısı elan etməlidir ki, mənim Avropa bazarında satış üçün bu qədər həcmlərim var”.
İ.Şaban xatırladıb ki, Transxəzər qaz kəməri layihəsi 1997-ci ildə gündəmə gəlib: “Gündəmə ona görə gəlib ki, Türkiyənin "Botaş" şirkəti ilə Türkmənistanın “Türkmənqaz” dövlət konserni arasında illik 30 milyard kubmetr olmaqla qazın alqı-satqısına dair kommersiya sazişi imzalanıb. Həmin sazişə görə, "Botaş" Türkmənistan qazını tamamilə tam həcmdə alır. Şirkət bunun 10 milyard kubmetrini Türkiyənin daxili bazarında satmağı planlaşdırırdı. Digər həcmləri isə Avropaya ixrac etməklə bu infrastrukturun yaradılması və özünün xərclərini kommersiya baxımından qarşılıqlı faydalı bir şəraitdə həyata keçirməli idi. Bununla bağlı 30 milyard kubmetr ötürmə qabiliyyəti olan boru kəməri Türkmənistandan Bakının yaxınlığına çəkilməli və Azərbaycanın Gürcüstan ərazisindən keçməklə Türkiyə ərazisinə daxil olması planlaşdırılırdı. Buna görə layihə şirkəti və idarəetmə şirkəti yarandı. Layihənin müzakirəsi və tranzit ölkələrlə bu prosesin tənzimlənməsi ilə bağlı danışıqlara başlanıldı”.
Onun sözlərinə görə, 1999-cu ildə Azərbaycanda “Şahdəniz” yatağının tapılması ilə Azərbaycanın şərtləri, yəni o boru kəməri tikilirsə və infrastruktur yaradılırsa, o boru kəmərinin yarı həcmində özünə pay istəyirdi: "Tərəflər hesab elədilər ki, Türkiyədən və Türkmənistandan bu şəraitdə o, kommersiya baxımından Türkmənistan qazının Türkiyəyə və Avropaya çıxarılması və qazın ötürülməsi rentabelli olmaz. Çünki rentabelli olması üçün hesab edilirdi ki, bu boru kəməri ilə 20 milyard kubmetr həcmdən aşağı olmayan həcmdə qaz gəlməli idi. Bununla yanaşı Xəzərin hüquqi statusu məsələsi 1998-ci ildə daha kəskinləşdi. Rusiyada Vladimir Putin hakimiyyətə gələndən sonra ümumiyyətlə bu ancaq siyasi kuluarlarda və yaxud siyasətçilərin bəyanatından başqa heç yerdə, yəni şirkətlərin arasında bir kommersiya layihəsi kimi baxılmadı və bu günə qədər də belə qalır”.
Ekspert bildirib ki, Türkmənistanın neft-qaz yataqları Azərbaycandakı kimi sahildə olan yataqlar deyil: “Onların yataqları sahildən 800, bəzən 1000 kilometr kənardadır. Lakin Türkmənistan sahilində qaz həcmlərini daşıya biləcək infrastruktur, həmçinin Şərq-Qərb qaz kəməri fəaliyyət göstərsə də nasos stansiyaları yoxdur. Türkmənistanın pulu yoxdur ki, artıq xərcləri qarşılasın, ona görə də indiyədək heçnə dəyişməyib”.
İ.Şaban deyir ki, ikinci bir tərəfdən Azərbaycandan fərqli olaraq Türkmənistan indiyə qədər hər hansı infrastrukturun reallaşmasında özünün quru sərhədlərindən bir metr o tərəfə, hansısa riskin bölüşdürülməsini öz üzərinə götürməyib: “Ancaq baxın, Azərbaycandan 3 000 kilometr kənarda Trans- Adriatik Boru Kəmərinin (TAP) tikintisində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 20 % paya malikdir. Yəni biz onun yarısından da az hissəsinin riskini öz üzərimizə götürdüyümüzdən. Azərbaycan qazı bu gün 3 500 kilometr axaraq İtaliyaya qədər çatdırılır. Ancaq Türkmənistan heç bir faiz riski bölüşməsi ilə bağlı bəyanat verib və yaxud hökumətləri hansısa addım atıb. İkinci problem ondan ibarətdir ki, Avropada hələ bir nəfər, heç bir kommersiya qurumu, nə də ki, hökumət və ya şirkət Türkmənistandan misal üçün 5-10 milyard və ya 20-30 milyard kubmetr qaz həcminin alınmasını elan etməyib. Bildirməyiblər ki, hansı həcmdə qazın idxal etmək fikirləri var. Ancaq hökumətlər “Türkmənistan qaz ölkəsidir, ordan qaz gəlsə, yaxşı olar” kimi bəyanatlar səsləndiriblər. Bu isə ona işarə edir ki, Azərbaycan və Türkmənistan öz vəsaitləri hesabına borunu tikməlidi”.
Mərkəz rəhbəri vurğulayıb ki, ancaq Azərbaycan Prezidenti daha maraqlı bir məlumatı ictimaiyyətlə bölüşüb: “O da ondan ibarət idi ki, tutaq ki, bu kəmər çəkildi, Türkmənistandan qaz Azərbaycana nəql edildi. Bəs Azərbaycandan o tərəfə bu qaz necə gedəcək? Deyir, bizim boru kəməri 15-16 milyard kubmetr genişləndirilə bilər. Ancaq o boru kəməri ilə ixrac üçün Azərbaycanın öz yataqları var. “Abşeron” yatağından çıxacaq qaz hansı boru ilə nəql ediləcək? Sabah “Qarabağ”, “Aypara”, “Babək” yataqlarından da qaz hasil ediləcək, “Ümid” yatağında isə hasilatı iki dəfə artırmaq istəyirik. Yəni biz Cənub Qaz Dəhlizinə ona görə kapital qoymuşuq ki, öz ehtiyaclarımızı hardasa yaxın 30-40 ildə ödəyək.
Lakin Transxəzər boru kəmərinin kommersiya rentabelliyi üçün biz öz qazımızı qoyub qonşunun qazını bazara çıxartmaq düzgün olmazdı. Demək, Azərbaycan Prezidenti proqmatik yanaşır. Deyir ki, Cənub Qaz Dəhlizinin yanında o həcmdə buraxıcılıq gücü olan bir kəmər tikmək lazımdır. Bəs bu kəməri kim tikəcək, türkmənlər özləri gəlsinlər tiksinlər. Azərbaycan burada ancaq öz tranzit haqqını alacaq. Bu kəməri Gürcüstanın ərazisində Gürcüstan tikəcək?. Yoxsa biz tikməliyik? Təbii ki, bizə bu lazım deyil. Belə çıxır ki, Türkiyə ərazisində də boru kəmərinin bu hissəsini Türkiyə tikəcək? Türkiyənin də buna imkanı yoxdur. Avropada da bu kəmərin tikintisinə investisiya edən hələki yoxdur”.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin tikinti xərcləri dəyər zəncirinə qənaət edildikdən sonra 40 milyard ABŞ dollara başa gəlib: “Layihələndirmə zamanı isə kəmərin və onunla bağlı digər infrastrukturun tikintisi 45 milyard ABŞ dollara qiymətləndirilirdi. Ancaq indiki qiymətlərlə Transxəzər layihəsinin icrası ən azı 50 milyard ABŞ dollarına başa gələcək. Üstəlik, bu layihənin ərsəyə gəlməsi üçün ən aşağısı 6-7 il vaxt tələb olunur. Bir sözlə, 50 milyard ABŞ dolları həcmində investisiya qoyub 20 il ərzində bu vəsaiti geri götürmək nə dərəcədə rentabelli ola bilər, nəzərə alsaq ki, 2035-2040-cı illərdə Avropa artıq "yaşıl enerji"nin ikinci mərhələsinə keçmək niyyətindədir. Yəni 2040-cı ildən sonra ənənəvi karbohidrogenlərin idxalı bəlkə də minimum səviyyəyə düşəcək, tələbat isə hidrogenə olacaq”.
Bununla bağlı İ.Şaban bir daha bildirib ki, belə məsələlər Transxəzər layihəsinin kommersiyadan daha çox siyasi alver predmetinə çevrilərək gündəmdə qalmasını göstərən bir amildir: “Ona görə də Azərbaycan Prezidentinin ictimaiyyət üçün açıq şəkildə verdiyi bəyanatlardan məlum olur ki, nə qazın satıcısı, nə alıcısı, nə də bu aralıq infrastrukturu Avropaya qədər yaradılmasına investisiya edən Avropanın maliyyə qurumları bu gün mövcud deyil. Bu ancaq söz olaraq müəyyən məsələlərin həlli üçün nəyəsə təsir göstərmək üçün atılan addımlardır. Biz isə bütün layihələrimizi gerçəkləşdirmişik, pul xərcləmişik, insan resurslarımızı ortaya qoymuşuq, onları inkişaf etdirmişik. Bu gün Xəzərin o tayı ilə bağlı təəssüf ki, bunların heç birini müşahidə etmirik. Ancaq biz özümüzün siyasi dəstəyini veririk”.