Ekspert: “Qarabağ” dayaq blokunun inşası yerli kadrların uğurudur"

Ekspert: “Qarabağ” dayaq blokunun inşası yerli kadrların uğurudur" Onun yerli kadrlar tərəfindən inşa edilməsi uğurlu strategiyanı göstərir
Energetika
13 Avqust , 2020 13:17
Ekspert: “Qarabağ” dayaq blokunun inşası yerli kadrların uğurudur

Xəbər verildiyi kimi, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasına başlanması mərasimində iştirak edib.

“Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə “Report”a həm “Qarabağ” yatağının, həm də onun dayaq blokunun inşasının əhəmiyyətindən danışıb.

Ekspert dayaq blokunun istifadəyə verilməsinin bir neçə aspektdən vacibliyini sadalayıb: “İlk növbədə, bu qurğu Azərbaycanda inşa edilən ən böyük qurğudur və  indiyədək Xəzərin ən dərin hissəsində quraşdırılacaq ən böyük platforma olacaq. Bu, Azərbaycan neft-qaz sənayesinin texnoloji nöqteyi-nəzərdən inkişaf səviyyəsini göstərir. Azərbaycan 90-cı illərin əvvəllərində Xəzərin ancaq dayazsulu hissəsində neft hasilatını həyata keçirə bilirdi, bunun üçün maddi-texniki baza yox idi. Bu gün isə Azərbaycan Xəzərin ən dərin hissəsində həm maddi, həm də texniki imkanları ilə hasilat əməliyyatlarını həyata keçirmək gücündədir. Bu onu göstərir ki, artıq neft-qaz sənayesi ötən onilliklər ərzində ciddi inkişaf yolu keçib.”.

 Ekspert digər vacib amil olaraq “Qarabağ” dayaq blokunun sırf yerli şirkət, SOCAR-ın “BOS-Şelf” şirkəti tərəfindən inşa edilməsi və burada çalışan işçilərin 95%-nin yerli kadrlardan təşkil olunmasını qeyd edib: “Ölkələrin ən böyük zənginliyi onu insan kapitalıdır. Bu minvalla, Azərbaycan ötən 10 illiklər ərzində yerli kadrların inkişafına böyük investisiyalar qoyub və bu gün biz bunun bəhrəsini görürük. Əgər 2005-cı ildə neft-qaz şirkətlərində çalışan azərbaycanlıların sayı 58% nisbətində idisə, bu gün bu göstərici 92% təşkil edir. Eyni zamanda, bu gün dünyanın müxtəlif ölkələrində və transmilli neft şirkətlərində azərbaycanlı mütəxəssislər fəaliyyət göstərir”.

O vurğulayıb ki, ölkələrin iqtisadi inkişafının əsas predmetini onun insan kapitalı təşkil edir. “İnsan faktoru iqtisadi inkişafı şərtləndirən bütün faktorları üstələyir. Başqa sözlə, ölkələrin davamlı inkişafını müasir qurğular yox, məhz o qurğuları istehsal edə bilən peşəkar kadrlar təmin edir. Yəni, tərəqqiyə aparan yolun tam mərkəzində insan dayanır. Dünyada baş verən dəyişikliklərin sürətli şəkildə mənimsənilməsi, istehsalat proseslərində innovativ üsulların tətbiqi, habelə məhsuldarlığın artırılması üçün yalnız yüksək ixtisaslı kadr potensialına ehtiyac var.Bu gün ölkəmizin əsas strategiyalarından biri neft kapitalının insan kapitalına çevrilməsidir və biz “Qarabağ” dayaq blokunun yerli kadrlar tərəfindən inşa edilməsi ilə bu strategiyanın uğurlu bir şəkildə həyata keçirildiyinin şahidi oluruq. Bu isə öz növbəsində ölkədə məşğulluq səviyyəsinin və vətəndaşıların rifah halının yüksəlməsinə, habelə ölkə iqtisadiyyatının lokomotivi olan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verir. Layihələrin yerli şirkətlər və kadrlar tərəfindən həyata keçirilməsi həmin layihələrin məhsuldarlığını da artırır. Məsələn, layihələr yerli şirkət tərəfindən həyata keçirildiyi zaman ilk növbədə onun maya dəyərini, əməliyyat xərclərini azaltma imkanı mümkün olur. Bu isə sizə əlavə rəqabət üstünlüyü qazandırır”.

Ekspert həmçinin bildirib ki, böyük layihələrə yerli şirkətlərin cəlb olunması nəticəsində yerli şirkətlərin gəlirləri artır, bu gəlirlər isə daha sonra Azərbaycan iqtisadiyyatına investisiya  olaraq geri qayıdır. Ekspert qeyd edib ki, bu gün Azərbaycan  nəinki ölkə daxilində, həm də xarici ölkələrdə nəhəng enerji layihələrini öz maddi-texniki imkanları və peşəkar kadr potensialı ilə həyata keçirərək ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. “Qazaxıstanın “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi layihəsinin məhz SOCAR-ın CDC şirkəti tərəfindən həyata keçirilməsi, habelə “SOCAR AQŞ” şirkəti tərəfindən Türkiyənin strateji layihələrindən biri olan Duz Gölü yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsi buna misal olaraq göstərilə bilər. Bu isə ona əsas verir ki, Azərbaycan artıq təkcə investisiya yatıran vəya yatırılan ölkə deyil, həm də nəhəng investisiya layihələrinin əsas seqmentlərini həll etməyi bacaran şirkətlər yetişdirmiş bir ölkədir”.

E.Axundzadə “Qarabağ” yatağının da əhəmiyyətindən danışaraq qeyd edib ki, bu yatağın istismarı ilə Azərbaycan təbii yolla azalan neft hasilatını sabit saxlaya və ya gələcək illərdə  daha da  artıra biləcək.

Ekspert müstəqillik illərində kəşf olunmuş ilk neft yatağı olan “Qarabağ” yatağının həm də Azərbaycanda hələ də zəngin neft ehtiyatlarının  mövcud olduğunu və uzun illər Azərbaycan xalqının bu sərvətdən istifadə edə biləcəyini göstərdiyini vurğulayıb:

“İlkin  dəyərləndirmələrə görə, yatağın ehtiyatları 60 mln ton  həcmindədir. Gələcəkdə ehtiyatların daha da artma ehtimalı mövcuddur. Bilirsiniz, 1994-cu ildə  “Əsrin müqaviləsi” imzalandığı  zaman “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda təqbirən 500 mln tonluq ehtiyatın olduğu bildirildi. Bu gün oradan 514 mln tondan çox neft hasil edilib və bundan sonra ən azı bir o qədər neftin hasil edilə biləcəyi proqnozlaşdırılır. “Qarabağ” yatağı da bu nöqteyi- nəzərdən çox perspektivlidir.  Burada ehtiyatların gələcəkdə artma potensialı mövcuddur”.

Emin Axundzadə
Emin Axundzadə

O həmçinin əlavə edib ki, layihənin “Equinor” şirkəti ilə  birgə inkişaf etdirilməsi Azərbaycanda münbit investisiya mühitinin mövcudluğunu göstərir. “Azərbaycan etibarlı tərəfdaşdır və bunun  nəticəsidir ki, bu gün xarici şirkətlər Azərbaycana maraq göstərir. “Qarabağ” yatağının ilkin dəyərləndirilən ehtiyatları Azərbaycanın hazırkı xam neft hasilatından 800 dəfə, illik neft hasilatından isə 1,6 dəfə çoxdur. Gündəlik neft hasilatı isə, hazırkı xam neft hasilatının  təqribən 5,5%-nə bərabərdir”.

Ekspert buradan təbii qazın da hasil ediləcəyini, il ərzində qaz hasilatının 1,5 mlrd kubmetr olacağını da xatırladıb və qeyd edib ki, bu yataq Azərbaycanda qaz hasilatının artımı ilə yanaşı, Cənub Qaz Dəhlizi layihəsinin daha səmərəli istifadəsinə imkan yaradacaq. Bu isə, öz növbəsində həm Azərbaycanın ixrac gəlirlərinin artmasına, həm də xarici bazarlarda mövqeyinin daha da güclənməsinə zəmin yaradacaq.

“Azərbaycanda son dövrlərdə həm sənayenin inkişafı, həm də qazlaşdırma səviyyəsinin artması nəticəsində qaz istehlakı artıb. Cənub Qaz Dəhlizi kimi meqalayihə  hazırda fəaliyyətdədir və onun son həlqəsi olan TAP-n ilin sonuna doğru fəaliyyətə başlayacağı proqnozlaşdırılır. Bu nöqteyi-nəzərdən yataq  Cənub Qaz Dəhlizi layihəsinin daha effektli  istifadəsinə töhfə vermiş olacaq. Bu isə, öz növbəsində  gələcəkdə bizim xarici bazarlardakı imkanlarımızın daha da genişlənməsinə şərait yaradacaq”. 

Son xəbərlər

Orphus sistemi