Rusiyadan Avropaya qaz axını azalarsa, avropalı istehlakçılar ciddi qaz çatışmazlığı ilə üzləşə, Rusiya isə tədarükçü kimi bu həcmlərə görə ödənişləri və büdcə gəlirlərini itirə bilər.
Bu barədə “Report”a ICIS konsaltinq şirkətinin sıxılmış təbii qaz bazarı üzrə analitiki Robert Songer bildirib.
“Yuxarıda qeyd olunan ssenari baş versə, Avropanın əlavə sıxılmış təbii qaz həcmləri axtarmaqdan başqa çıxış yolu qalmayacaq. İstehsal obyektlərinin modernləşdirilməsi həyata keçirilmədən boru kəmərləri vasitəsilə idxalın artırılması, çox güman ki, mümkün olmayacaq, buna çox vaxt tələb olunacaq”, - Songer deyib.
Lakin onun sözlərinə görə, dünya üzrə sıxılmış təbii qaz tədarükü çox məhduddur və yaxın bir neçə ildə çox az istehsal obyektinin istifadəyə verilməsi gözlənilir.
“Buna görə də Avropa həm təbii qaz, həm də sıxılmış təbii qaza olan tələbi ixtisar etməli olacaq. Bu, alternativ yanacaq növlərinə keçid və ya qazdan asılı zavodların fəaliyyətinin tam dayandırılması ilə həyata keçiriləcək”, - o bildirib və əlavə edib ki, Avropaya qaz tədarükünün dayandırılması qiymət artımını qaçılmaz edəcək.
Songerin sözlərinə görə, hazırda siyasi vəziyyət son dərəcə qeyri-sabit olduğundan qaza görə ödənişin rubl ilə edilməsi haqqında Rusiyanın bəyanatının nəticələrinin necə olacağını demək çətindir.
“Lakin qeyd etmək lazımdır ki, müqavilələr hüquqi öhdəlik yaradan sənədlər olduğundan onlara birtərəfli qaydada dəyişiklik etmək mümkün deyil. Müqavilələr iddia predmeti olduqda həll edilməyən fikir ayrılıqları Arbitraj məhkəməsində öz həllini tapmalıdır. Bu cür proses üzrə qərar qəbul edilməsi üçün bir neçə il vaxt tələb olunur”, - o deyib.
Analitik əlavə edib ki, bu və ya digər tərəfin qaz axınını dayandırmaq haqqında qərarı mümkün ssenaridir, lakin hələlik heç bir tərəf belə bir istək nümayiş etdirməyib.