EBRD TAP-ın genişləndirilməsini maliyyələşdirməyə hazırdır
- 10 dekabr, 2022
- 09:50
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi üçün maliyyə institutlarından alınması planlaşdırılan ümumi investisiyanın (1,2-1,3 milyard avro) 75 %-ni maliyyələşdirə bilər.
"Report" xəbər verir ki, bunu İtaliyanın "Il Sole 24 Ore" qəzetinə müsahibəsində TAP AG konsorsiumunun baş direktoru Luka Şippati deyib.
“Əgər genişləndirmə layihəsi enerji təhlükəsizliyi oxuna, eləcə də "yaşıl" enerjiyə keçid prosesinə uyğun olarsa, EBRD bizi dəstəkləməyə hazırdır.
Biz bir operator olaraq genişlənməni infrastrukturun karbonsuzlaşdırılması və aşağı karbon konsentrasiyalı qazların (biometandan hidrogenədək) nəqlinə imkan vermək üçün əla fürsət kimi görürük. Bu səbəbdən biz ilk olaraq 10 %-ə qədər hidrogenin kiçik modifikasiyalarla daşınmasının mümkünlüyünü təsdiqləyən ilkin tədqiqatlara başladıq. Niderlandda yerləşən laboratoriyada polad və kran qaynaqlarımızın 100 %-ə qədər hidrogenin nəqli üçün uyğunluğunu sınaqdan keçiririk”, L. Şippati deyib.
O xatırladıb ki, TAP-ın gücünün ikiqat artırılması üçün son müddət 2027-ci ilə qədərdir.
“İkiqat artım Cənub Qaz Dəhlizinin Rusiya qazının əvəz edilməsi üzrə həll yollarına daxil edildiyi "RepowerEU" planına (Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın qalıq yanacaqlarından asılılığı sürətlə azaltmaq planı) və bu ilin iyul ayının ortalarında Azərbaycan hökuməti və Avropa Komissiyası arasında imzalanmış anlaşma memorandumuna uyğundur”, - TAP AG konsorsiumunun baş direktoru bildirib.
Karbon tullantılarının azaldılması məsələsinə gəlincə, L.Şippati bildirib ki, 3 il ərzində plankanın 6 % azaldılması üçün xüsusi plan hazırlanıb: “Biz eyni zamanda uçucu emissiyaları da azaldırıq, həmçinin kompressor stansiyalarının çox yüksək gərginlikli şəbəkələrə qoşulması və qaz turbinləri əvəzinə yaşıl elektrik enerjisi mühərriklərinin quraşdırılması imkanlarını öyrənirik".
Qeyd edək ki, “Şahdəniz-2”dən “upstream” (hasilat) mərhələsi də daxil olmaqla, Cənub Qaz Dəhlizinin dəyəri təxminən 33 milyard ABŞ dolları təşkil edir (2013-cü ildə layihə 45 milyard ABŞ dolları dəyərində qiymətləndirilirdi). Layihənin əsas komponentlərinə “Şahdəniz-2” layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədini əhatə edən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP), həmçinin Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin tikintisi daxildir.
Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə nəqli 2018-ci ilin yayında, TAP vasitəsilə Avropaya (İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara) tədarükü isə 2020-ci il dekabrın 31-dən başlayıb.