"2020-ci ildə dünya şəhər əhalisinin 25 %-ni təşkil edən 1 mlrd insan bərpa olunan enerjidən istifadə edib".
“Report”un məlumatına görə, bu barədə BMT-nin Ətraf Mühitin qorunması proqramı çərçivəsində hazırlanan hesabatda deyilir.
Hesabata görə, dünya üzrə 1 300 şəhərdə əsas enerji mənbəyi bərpa olunan enerjidir:
“Ötən il 1 300-dən artıq şəhərin idarəçiləri bərpa olunan enerjini əsas hədəf kimi götürüb. Onlardan 260-dan çoxu 2020-ci il üçün olan hədəflərinə çatıb. Ümumilikdə 72 ölkənin 830-a yaxın şəhərinin rəhbərliyi minimum 1 sektorda (güc, istilik və soyutma və nəqliyyat) bərpa olunan enerjidən istifadəni əsas hədəf seçib. Qeyd edilən ildə təqribən 800 bələdiyyə rəhbərliyi binalarda və nəqliyyatda bərpa olunan enerjidən istifadəni təmin etmək üçün tənzimləmə siyasətlərini, maliyyə və fiskal təşviqlərini və dolayı dəstək siyasətlərini tətbiq ediblər”.
Hesabatda həmçinin bir sıra ölkələrdə elektriklə çalışan nəqliyyat vasitələri ilə bağlı da məlumatlar yer alıb:
“Binalarda fosil yanacağından istifadə ilə bağlı qadağaların qoyulması dünya üzrə 50-dən artıq şəhərdə bərpa olunan enerji ilə elektrikləşmənin artmasına səbəb oldu.
Nəqliyyat sektorunda dekarbonlaşmanı dəstəkləmək məqsədi ilə 67 şəhər ətraf mühitin qorunması ilə bağlı hədəflərini açıqlayıb, 249 şəhər aşağı emissiyalı nəqliyyat vasitələri üçün zonalar yaradıb yaxud onu yaradılmasını planlaşdırıb. Həmçinin 14 şəhərdə fosil yanacağı ilə işləyən nəqliyyat vasitələrinin istifadəsini qadağa edib.
Qlobal olaraq 10 500 şəhər karbon dioksidin həcminin azaldılması hədəfini qarşıya qoyub, 800 şəhər sıfır emissiya siyasətini həyata keçirməyi öhdəsinə götürüb ki, bu da 2019-cu illə müqayisədə 8 dəfə çoxdur.
Bir çox şəhərlərdə vətəndaşlar iqlim dəyişikliyi ilə bağlı şəhər rəhbərliyinə təzyiqləri artırıb. 2020-ci ilin sonuna olan məlumata görə, 29 ölkədən ümumilikdə 1 852 şəhər rəhbərliyi fövqəladə iqlim dəyişikliyi ilə bağlı sənədi imzalayıb. 2019-cu ildə isə bu rəqəm 1 400 olub.
Ümumilikdə 231 bələdiyyə isə iqlim fəaliyyət planını yekunlaşdıırb”.