Dünyada az sayda ölkələr var ki, neft, qaz və digər faydalı qazıntılardan əldə edilən gəlirləri dövlətin sabahı üçün qoruyub saxlayır və sağlam gələcək naminə investisiya edir. Enerji resursları ilə zəngin olan Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Bəhreyndə, Əlcəzairdə, Küveytdə, Qətərdə, Bruneydə, Omanda, Norveçdə, Rusiyada, İranda, Qazaxıstanda, ABŞ-də, Kanadada, Braziliyada, Venesuelada və bir sıra ölkələrdə bu prosesi həyata keçirmək üçün suveren fondlar, investisiya idarələri fəaliyyət göstərir. Azərbaycanda da gələcək nəsillərin təbii sərvətlərdən əldə olunan gəlirlərdən yararlanması, ölkənin inkişafına investisiya qoyulması məqsədilə Dövlət Neft Fondu (ARDNF) yaradılıb.
“Qara qızıl”dan əldə olunan gəlirləri toplamaq və səmərəli idarə etmək üçün 1999-cu ildə yaradılan Neft Fondunun 25 illik fəaliyyətinə nəzər yetirdikdə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini görərik.
25 ilə 202 milyard dollar qazanc
Yarandığı gündən bu ilin ikinci rübün sonuna Neft Fondunun büdcə gəlirləri 202,1 milyard ABŞ dolları təşkil edib. Bu müddət ərzində Fondun neft-qaz sazişlərindən gəlirləri 189 milyard ABŞ dolları, investisiya gəlirləri isə 13,1 milyard ABŞ dolları təşkil edib.
ARDNF-in büdcə xərcləri 141,1 milyard ABŞ dolları olub ki, bu müddət ərzində fondun dövlət büdcəsinə transfertləri 128,9 milyard ABŞ dolları, Azərbaycan Mərkəzi Bankına transfertləri isə 2 milyard 323,2 milyon ABŞ dolları təşkil edib. Fondun əməliyyat xərcləri isə 0,4 milyard ABŞ dolları səviyyəsində olub. Hazırda Fondun aktivləri 58,001 milyard ABŞ dollarına çatıb.
Azərbaycanın inkişafında rol oynayan mühüm layihələrə maliyyə dəstəyi
25 il ərzində Dövlət Neft Fondu tərəfindən Azərbaycanda icra edilən bir sıra layihələrə maliyyə vəsaiti ayrılıb. Bu müddət ərzində Fond müxtəlif layihələrin maliyyələşdirilməsinə 11,8 milyard ABŞ dolları vəsait yönləndirib.
Layihələrin böyük əksəriyyəti artıq yekunlaşıb. Bəziləri isə hələ də davam edir və Fond icrada olan layihələrə hazırda da maliyyə dəstəyi göstərir. Fondun indiyədək maliyyələşdirdiyi yekunlaşmış layihələrə nəzər salaq:
- Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin maliyyələşdirilməsinə 297,9 milyon manat;
- Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin maliyyələşdirilməsinə 779,6 milyon manat;
- Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1 milyard 469,6 milyon manat;
- Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 90 milyon manat;
- Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 748,6 milyon manat;
- Xaricdə təhsilə dair 2007–2015-cı illər üçün Dövlət Proqramının maliyyələşdirilməsinə 212,7 milyon manat;
- Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan “Star” neft emalı kompleksinin tikintisinə 1 milyard 663,3 milyon manat;
- Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” layihəsində SOCAR-ın iştirak payının maliyyələşdirilməsi üçün 87,6 milyon manat;
- Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsinə 1 milyard 530,3 milyon manat;
- Bundan başqa, 2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramına 65,5 milyon manat:
- Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının maliyyələşdirilməsinə 56,6 milyon manat vəsait xərclənib.
Həmçinin Fond tərəfindən qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üzrə maliyyələşdirilmə davam edir. Bu dövr ərzində bu istiqamətdə 2 milyard 702,7 milyon pul xərclənib.
Dünya nəhənglərinə yatırım
Hazırda Dövlət Neft Fondu neft və qazdan əldə edilən gəlirləri düzgün istiqamətlərdə investisiyalara yönəldərək gələcək nəsillər üçün yatırımlar edir. Belə ki, ARDNF dünya nəhəngi olan “Tesla” və “Intel” şirkətlərinin səhmlərinə investisiya yatırıb. ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon ABŞ dolları, “Intel” şirkətinin isə 31 milyon ABŞ dolları dəyərində səhmləri mövcuddur. Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 % və 0,2 % təşkil edir.
Gələcəkdə “Tesla” və “Intel”, həmçinin digər IT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək.
Ümumilikdə qeyd edək ki, bu ilin iyulun 1-nə Fondun investisiyalarında Avropa ölkələrinin payı 30,7 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı 12,8 % olub. Bu rəqəmlər 2023-ci ilin ikinci rübünün sonunda müvafiq olaraq 28,1 % və 15,2 % təşkil edib.
Digər regionlardan Şimali Amerikanın payı 37,1 %-dən 33,1 %-ə enib, Avstraliya və Yeni Zelandiyanın payı 0,6 %-dən 0,7 %-dək artıb.
Bu müddət ərzində Yaxın Şərq regionunun payı 0,3 %-dən 0,1 %-ə enib, Cənubi Amerika regionunun payı isə dəyişməyərək 0,1 % səviyyəsində qalıb.
Bundan əlavə ARDNF-nin investisiyalarında inkişaf etmiş ölkələrin payı 66,5 %-dən 65,3 %-ə düşüb. İnkişaf etməkdə olan ölkələrin payı isə 15 %-dən 12,3 %-ə enib, beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,1 %-dən 7,6 %-dək artıb.
Gələcəyə yatırım: İri texnologiya şirkətlərinə investisiyalar
Neft Fondu ən böyük texnologiya şirkətlərinə də investisiya yönəldərək sağlam gələcək üçün böyük addımlar atır. Belə ki, ARDNF-nin böyük texnologiya şirkətlərinə investisiyasının həcmi cari ilin ilk rübündə 1 milyard 742 milyon ABŞ dolları təşkil edib. Fondun ən çox səhmlərinə sahib olduğu 5 şirkət isə bunlardır: “Microsoft” (494 milyon ABŞ dolları), “Apple” (419 milyon ABŞ dolları), “NVIDIA” (371 milyon ABŞ dolları), “Amazon” (279 milyon ABŞ dolları), “Meta platforms” (179 milyon ABŞ dolları).
Bundan başqa, ARDNF inkişaf kursu götürmüş və yüksək böyümə potensialına malik regionların və müvafiq sektorların da səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq müvafiq investisiyalar həyata keçirir. Məsələn, ARDNF investorlar konsorsiumun üzvü kimi dünyanın ən böyük özəl təhsil müəssisələrindən biri olan və Dubayda yerləşən “GEMS Education” şirkətinə 100 milyon ABŞ dolları məbləğində yatırım edib. Bu konsorsiuma rəhbərliyi alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən nəhəng investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkəti həyata keçirib. Sözügedən konsorsiumda, həmçinin nüfuzlu yerli və beynəlxalq investisiya qurumları da iştirak edib. ARDNF-nin yüksək gəlirlilik hədəflədiyi alternativ maliyyə alətlərinə investisiyaları kimi “GEMS Education”a olan investisiya qoyuluşu da uzunmüddətli xarakter daşıyır. Bu addım - “GEMS Education”a investisiya qoyulması, ARDNF-nin qlobal arenada etibarlı investor kimi qəbul edilməsinin göstəricisidir. BƏƏ-də yerləşən 40-dan çox GEMS məktəbində hazırda 135 mindən çox şagird təhsil alır.
Azərbaycanın rifahı üçün maliyyə bazarlarına sərmayə
ARDNF qabaqcıl şirkətlərin fəaliyyətini diqqətdə saxlamaqla yanaşı, eyni zamanda maliyyə bazarlarını da yaxından izləyir, bu istiqamətdə də sərmayələr həyata keçirir. Belə ki, bu ilin iyulun 1-nə ARDNF-nin istiqrazlar və digər pul bazarına yatırdığı investisiyalarının 20,5 %-i 1 ilə qədər müddətə olan alətlərə yerləşdirilib.
İnvestisiyaların 27,1 %-i 1 ildən 3 ilə qədər, 24,3 %-i 3 ildən 5 ilə qədər, 28,1 %-i isə 5 ildən artıq müddətə olan alətlərə yatırılıb.
Fondun investisiya portfelində 2023-cü ilin göstəriciləri ilə müqayisədə 1 ilə qədər müddətə olan alətlərin payı 5,7 faiz bəndi artıb, 1 ildən 3 ilə qədər müddətə olan - 6,5 faiz bəndi azalıb, 3 ildən 5 ilə qədər müddətə olan - 4,8 faiz bəndi artıb.
Portfeldə 5 ildən artıq müddətə olan alətlərin payı 32,1 %-dən 28,1 %-ədək azalıb.
Həmçinin bu ilin iyulun 1-nə ARDNF investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 55,3 % təşkil edib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz bəndi azdır. Əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 22,9 %-dən 25,9 %-ə artırıb.
Qızılın payı 11,5 %-dən 14,8 %-ə, daşınmaz əmlakın payı isə 5,5 %-dən 6 %-ə çatdırılıb. Hazırda ARDNF-in ehtiyatlarında 114,9 ton qızıl var ki, bu da 1 il əvvələ nisbətən 13,1 ton və ya 12,9 % çoxdur.
Bu ilin iyulun 1-nə Fondun investisiya portfelinin dəyəri 57 milyard 931,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 016,43 milyon ABŞ dolları və ya 5,5 % çoxdur. Hazırda ARDNF-nin investisiyalarının 69,2 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,4 faiz bəndi azdır. İnvestisiya portfelində avronun payı 19,6 %-dən 19,5 %-ə düşüb. Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı 0,1 faiz bəndi artaraq 5 % təşkil edib. Yapon yeninin payı dəyişməyərək 1,4 % səviyyəsində qalıb. Çin yuanının payı isə 1 %-dən 1,4 %-ə artıb.
Eyni zamanda, Neft Fondunun investisiya portfelində digər xarici valyutaların payı 2,5 %-dən 3,5-ə qalxıb.
Gələcək nəsillər üçün tarixi qərar
Bütün yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, Dövlət Neft Fondu Azərbaycanın strateji aktividir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Fondun yaradılması Ulu Öndər Heydər Əliyevin tarixi qərarıdır: “Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi”
Prezident çıxışlarının birində qeyd edib ki, o vaxt Dövlət Neft Fondunun yaradılması ilə bağlı hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar: “Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır. Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilib və orada oxşar fondların fəaliyyəti ilə tanış olub”.
Biz də Prezidentin dediyi ilə razılaşıb vurğulaya bilərik ki, bu, tarixi qərar idi. 25 illik keçilən bu uğurlu yol Azərbaycanın sabahı üçün atılan mühüm addımların nəticəsidir və ARDNF-nin gələcəkdə də bu istiqamətdə uğurla fəaliyyət göstərəcəyinə şübhə yoxdur. Çünki Dövlət Neft Fondunun vəsaiti - orada toplanan, neftdən və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafına böyük töhfədir.
Bu yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.