“Report” İnformasiya Agentliyi Azərbaycan Respublikasının Türkmənistan və Əfqanıstandakı keçmiş səfiri Vəhdət Sultanzadə ilə müsahibəni təqdim edir:
- Bildiyimiz kimi, yanvarın 21-də Xəzərdəki “Dostluq” karbohidrogen yatağının birgə istismarına dair ölkəmizlə Türkmənistan arasında memorandum imzalandı. Uzun müddət ərzində sözügedən ölkədə çalışmış diplomat kimi həmin hadisəyə dair fikirlərinizi bilmək maraqlı olardı.
- Oxucularımızı təfərrüatla yormamaq üçün qısaca deyə bilərəm ki, bu hadisə bütövlükdə Xəzər regionu üçün taleyüklüdür. Memorandumun imzalanması ilə ölkəmizin nəqliyyat habı kimi əhəmiyyəti daha da artmaqla beynəlxalq nüfuzu da artır. Xəzərin Azərbaycan ilə Türkmənistana aid sektorlarında yerləşən həmin yataq iki ölkə arasında müştərək əsaslarla istismar olunacaq, bu da qardaş ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Sözügedən sənədin imzalanması göstərir ki, Xəzəryanı ölkələri öz aralarında razılaşa bilər və razılaşmalıdır da.
- Bəs bu memrandumun imzalanmasına aparan yollar barədə nə deyərdiniz?
- Öz işindən danışmaq düzgün olmasa da, həqiqəti söyləmək naminə hər şeyi olduğu kimi deyəcəyəm. 2009-cu ilin 27 oktyabr tarixində “Ruhiyət” sarayında üç min nəfərin iştirak etdiyi təntənəli mərasimdə hötmətli prezident Qurbanqulu Berdiməhəmmədov mənə ölkələrimiz arasında qardaşlıq münasibətlərinə verdiyim töhfəyə görə Türkmənistanın ali dövlət mükafatı olan "Vatana bolqan soyqüsi üçin" (“Vətənə olan sevgisi üçün”) medalını təqdim etmişdi. Bu mərasim müstəqilliyin 18-ci ildönümü münasibətilə keçirilirdi. Demək ki, səfirlikdə müşavir vəzifəsində çalışdığım ilk üç il ərzində xalqlarımız arasındakı qardaşlıq münasibətlərini daha da gücləndirmək baxımdan müəyyən düşüncələri həyata keçirmək mənə müyəssər olmuşdu. Bununla belə həmin yüksək mükafatı şəxsən özümdən daha çox bütün Azərbaycan xalqına aid edirəm. Çünki bu hadisə əslində ölkələrimiz arasında dostluq münasibətlərinin başlanğıc nöqtəsi oldu. Üstündən 4 ay keçmiş Bakıya çağırılıram, hörmətli Prezidentimiz İlham Əliyev məni qəbul edərək Türkmənistanda səfir təyin edilməyim barədə sərəncam imzaladığını bildirir. Mənim üçün əlamətdar olan bu hadisə 2010-cu ilin 10 fevral tarixində baş verib. Fevralın 22-də isə Türkmənistan xarici işlər naziri Rəşid Mərədovun qəbulunda olub etimadnaməmin surətini ona, ertəsi gün də həmin sənədin əslini hörmətli prezident Qurbanqulu Berdiməhəmmədova təqdim etdim. Elə həmin görüşdən sonra da ölkələrimiz arasında yaxınlaşma meylləri özünü göstərdi.
- Həmin görüşdə nələr baş verdi?
- Hörmətli prezident Qurbanqulu müəllimə etimadnaməmi təqdim edərkən ondan bir xahişim oldu. O zaman ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq məsələsi hələ həllini tapmamışdı. Mən də səlahiyyətimdə olmayan bu məsələnin iki ölkə başçısı, yəni bilavasitə prezidentlər İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında həll olunacağını dedim. Bununla yanaşı, iki ölkə arasında mədəniyyət, elm, humanitar əlaqələri artırmağı təklif etmək istəyimi ifadə etdim. Vaxtilə SSRİ-nin Türkiyədəki konsulu vəzifəsində işləyərkən də məhz mədəni əlaqələri önə çıxartmaqla iki ölkə arasında yaxınlaşmaya, gərginliyi azaltmağa nail olmuşdum. İndi də həmin təcrübə karıma gəldi. Hər bir qarşıdurmadada, ixtilafda əsas olan insanlardır, onların əmin-amanlığıdır. Gərək dialoq aparasan, dialoq əsnasında hər məsələni həll etmək olar. Burada hörmətli prezident Qurbanqulu Berdiməhəmmədovun müdrikliyini, dövlətçilik təfəkkürünü qeyd etməliyəm. Dərhal razılığını bildirdi.
- Bütövlükdə Xəzəryanı ölkələrin münasibətləri hansı zəmində qurulur?
- Xəzərin hüquqi statusuna dair 2018-ci ilin avqust ayında imzalanmış konvensiya region ölkələri arasında həm də enerji sahəsində çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Konvensiya Xəzər regionunda bütün sahələrdəki əməkdaşlıq üçün təməl sənədidir. Məhz həmin konvensiya imzalandıqdan sonra, 2020-ci ilin mart ayında ölkələrimizin başçıları arasında görüş keçirildi, həmin görüşdə hörmətli Prezidentimiz İlham Əliyev qarşı tərəfə xitabən “biz həmişə bir-birimizi dəstəkləmiş, bir-birimizin uğurlarına sevinmişik” dedi. İndi də imzalanmış bu memorandum həmin yaxınlaşma mərhələsinin bir növ məntiqi sonu oldu. Yeri gəlmişkən, həmin sənədi Türkmənistan tərəfindən xarici işlər naziri Rəşid Mərədovun imzalaması şəxsən məni çox sevindirdi. Çünki qardaş ölkələrimiz arasında münasibətlərin inkişafına Rəşid müəllimin zəhməti ölçüyəgəlməzdir.
- Vəhdət müəllim, “Dostluq” yatağına əvvəllər bizdə "Kəpəz", Türkmənistanda isə "Sərdar" deyirdilər. Bu yatağa Dostluq adını kim verib?
- 2013-cü ildə Türkmənistan prezidentinə hörmətli dövlət başçımız İlham Əliyevdən təqdim olunmuş məktubda iki ölkə arasında əlaqələrə, o cümlədən neft-qaz sahəsindəki əməkdaşlığa dair bir sıra təkliflər yer alırdı. Türkmənistan prezidenti də bu təşəbbüsü dəstəkləyərək, o cümlədən ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğuna işarə olaraq bu müştərək yatağa "Dostluq" adı verməyi irəli sürdü. Bildiyimiz kimi, bu təşəbbüs də hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən tam dəstək gördü.
İki ölkənin xarici işlər nazirləri tərəfindən memorandum imzalanarkən müzakirə olunmuş məsələlərdən biri də tranzit potensialımızı üzə çıxarmaq çərçivəsində Lapis – Lazuli nəqliyyat dəhlizi layihəsi də vardı. Bu layihə Siz səfir vəzifəsindən geri çağırıldıqdan sonra işə salındı...
Doğrudur. Amma bu məsələ çoxdan beyinlərdə vardı, sadəcə Türkmənistan - Əfqanıstan sərhədindəki gərginlik onu həyata keçirməyə mane olurdu. Odur ki, həmin layihənin həyata keçirilməsi bu qədər uzandı. Nəhayət, 2017-ci ilin 15 noyabr tarixində Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA) çərçivəsində Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə, Türkmənistan arasında müvafiq saziş imzalandı. Həmin ilin 13 dekabr tarixində də Əfqanıstanın qərbində, Herat əyalətində Lapis-Lazuli dəhlizinin təntənəli açılış mərasimi keçirildi. Elə həmin gün də sınaq çərçivəsində Heratdan Türkmənistanın Sərhədabad şəhərinə yola salınan 9 tır daha sonra Türkmənbaşı Beynəlxalq Dəniz Limanına, oradan da bərə ilə Bakı Beynəlxalq Dəniz Limanına çatdırıldı. Əlbəttə, adıçəkilən dəniz limanları yaradan Azərbaycan və Türkmənistan bu beynəlxalq nəqliyyat dəhlizinin inkişafına böyük töhfələr vermələri təqdirəlayiqdir. Hazırda hər iki ölkəmiz digər iştirakçılarla yanaşı, Asiya və Avropa arasında mühüm yerüstü bağlantı olmağa iddialı olan Lapis-Lazuli nəqliyyat dəhlizinin inkişafı üçün səylər göstərir. Bu layihənin tam gücü ilə işə salınması ilə Xəzər regionu bəlkə də Yer üzündə ən dinc və sürətli inkişaf edən regiona çevriləcək.
Sözsüz ki, iqtisadi inkişaf üçün dinclik və əmin-amanlıq ən mühüm şərtdir. Buna ən bariz misal XX əsrdə baş verənlərdir. Lakin inkişaf üçün böyük səylər də göstərilməlidir.
Əlbəttə. Bu gün həm Azərbaycan, həm də Türkmənistan sürətlə inkişaf edən ölkələrdir. Hər iki ölkədə kimya sənayesi, kənd təsərrüfatı inkişaf edir, neft-qaz sənayesinin isə büdcədəki payı ildən-ilə azalır. Bu istiqamətdəki işləri SOCAR da, "Türkmənneft"də davam etdirməlidir. Bu gün SOCAR təkcə karbohidrogenlərin hasilatı və nəqli yox, kimya sənayesi, logistika sahəsində də böyük layihələrə imza atır. Bu da intəhasız fəaliyyət meydanıdır. İlkin olaraq SOCAR-ın Aşqabadda, "Türkmənneft"in də Bakıda münayəndəlik açması arzu olunandır. Bununla bir çox işlər sadələşər, ölkələrimiz arasındakı əməkdaşlıq sürətlənər. Çünki Xəzər yaxınlaşma hövzəsi, bu memorandum isə yaxsınlaşma nöqtəsidir.