D230 bloku üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin yekun variantı martın sonunda hazır olacaq

D230 bloku üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin yekun variantı martın sonunda hazır olacaq Bakı. 5 mart. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin yekun variantı martın sonunda hazır olacaq.
Energetika
5 Mart , 2019 12:07
D230 bloku üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin yekun variantı martın sonunda hazır olacaq

Bakı. 5 mart. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin yekun variantı martın sonunda hazır olacaq.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin (operator) xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı sənədin müzakirəsi üçün ictimaiyyətlə görüşdə deyib: “Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi yanvarın sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Fevralın 1-dən sənədin nüsxələri və müvafiq rəy formaları ictimaiyyətin tanış olması və istifadəsi üçün müxtəlif ünvanlarda yerləşdirilib. Sənəd 60 gün ərzində müzakirə ediləcək, rəy və təkliflərdən sonra yekun variant martın sonunda hazır olacaq”.

Şirkətin geoloji-kəşfiyyat şöbəsinin əməkdaşı Arzu Cavadova bildirib ki, D230 blokunda 2019-2020-ci illərdə 3 ölçülü seysmik tədqiqatın həyata keçirilməsi planlaşdırılır. 

“Seysmik tədqiqatın müddəti maksimum 6 ayı əhatə edəcək. D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3,222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir. BP D230 bloku daxilində seysmik tədqiqat aparmağı planlaşdırır və bir tədqiqat profilinin blokun hüdudundan kənara çıxaraq D230 saylı blokun cənubundakı “Dan Ulduzu-Əşrəfi” kontrakt sahəsində yerləşən “Əşrəfi-1" quyusunadək uzadılmasını nəzərdə tutur. Seysmik tədqiqatın məqsədi hövzə daxilində perspektiv karbohidrogen strukturlarını qiymətləndirmək olacaq. Bundan sonra isə gələcəkdə potensial kəşfiyyat qazma işləri üçün hədəf laylar müəyyənləşdirilə bilər”, - o qeyd edib.

A.Cavadova əlavə edib ki, tədqiqat gəmisi Xəzərdə əvvəlki tədqiqatlarda BP tərəfindən istifadə edilmiş "Gilavar" gəmisinə oxşar olacaq: “Seysmik tədqiqat gəmisinin heyəti Bakı limanlarından birindən mobilizasiya ediləcək.Tədqiqat gəmisində 60 nəfərədək heyət yerləşəcək və iki köməkçi gəminin hər birində isə 10-20 nəfərlik personal olacaq”.

Sənəddə bildirilir ki, seysmik tədqiqat proqramı zamanı istifadə ediləcək tədqiqat gəmisi podratçı təyin edildikdən sonra təsdiqlənəcək.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. 

Son xəbərlər

Orphus sistemi