Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” Azərbaycanın ən böyük qaz layihəsi olan "Şahdəniz" yatağında iştirakçı qismində olacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbəri xatırladıb ki, hazırda MOL enerji şirkəti "Azəri-Çıraq-Günəşli" layihəsində 9,57 %, "Bakı-Tbilisi-Ceyhan" layihəsində 8,9 % paya malikdir.
Nazir xatırladıb ki, Cənubi Qaz Dəhlizi layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan qazının Avropa bazarına çıxması ilə Macarıstanla danışıqlara başlanıldı və sevindirici hal odur ki, fiziki olaraq Azərbaycan qazı artıq Macarıstana çatır:
"Eyni zamanda biz Macarıstanla birlikdə "Həmrəylik Halqası" deyilən, Avropanın bir çox ölkələrini əhatə edən, daxili boru xətlərinin vahid sistemini yaradan layihədə birlikdə iştirak edirik. Hesab edirik ki, həmin layihənin reallaşması Azərbaycan qazının bir sıra Avropa ölkələrinə daha rahat çatmasına şərait yaradacaq", - C.Bayramov deyib.
XİN rəhbəri həmçinin vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial var.
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsində önəmli artım var, amma bunun artırılması üçün potelsial var. Danışıqlar zamanı biz hansı istiqamət üzrə əməkdaşlığın artırıla biləcəyini müzakirə etdik", - nazir deyib.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).