Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 12 mln. ABŞ dolları əməliyyat xərcləri sərf edilib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2020-cu ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bu, 2019-cu ilin birinci rübünün nəticələri müqayisədə 3 mln ABŞ dolları və ya 33,3% çoxdur.
Bu ilin birinci rübündə boru kəmərinin əsaslı xərcləri 2 mln ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 15 mln və ya 8,5 dəfə azdır.
Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,6 mln. kubmetr olub ki, bu da 2019-cu ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 3,6 mln kubmetr və ya 12% çoxdur.
Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.