Cavid Abdullayev: "Qobustan" GES xüsusi unikallığı ilə seçilir"
- 17 sentyabr, 2026
- 17:05
Sentyabrın 16-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş "Qobustan" Günəş Elektrik Stansiyası (GES) xüsusi unikallığı ilə seçilir.
Bunu "Report"a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
"Məsələn, bu obyekt hərrac yolu ilə inşa olunmuş ilk stansiyadır. Hərracın canlı hissəsi COP29 zamanı 6 saatdan çox davam edib. Müqavilə bazası formalaşdırıldıqdan sonra 100 meqavatlıq stansiya cəmi 300 günə ərsəyə gəlib. Buradakı daxili yarımstansiya da investorun vəsaiti hesabına tikilib. Həmin yarımstansiya Ələt və Salyan yarımstansiyalarına, Azərbaycan ötürücü şəbəkəsinə qoşulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) əraziyə 37 gün ərzində 9 kilometrdən artıq 4-cü texniki dərəcəyə aid olan yol çəkib", - deyə o qeyd edib.
Direktorun sözlərinə görə, stansiya hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək: "Bu da təxminən 45 milyon kubmetr qaza qənaət etməyə, eyni zamanda 97 min ton karbon dioksidinin atmosferə tullanmasının qarşısını almağa imkan verəcək. Stansiyanın tikilməsi üçün Nazirlər Kabineti 300 hektar torpaq sahəsi ayırıb. Lakin biz bu stansiyanı 200 hektara yaxın ərazidə inşa edib başa çatdırmışıq. Stansiyada quraşdırılmış günəş panelləri Azərbaycan reallığında bu gün mövcud olan ən mütərəqqi panellərdir - onları 710 vatt gücündə olmaqla Çinin "Jinko" şirkəti istehsal edib. Stansiyanın işə düşməsi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 2 170 meqavata yüksəlib. Bu da ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 21,5 %-ə çatmasına imkan verib".
C.Abdullayev Çin şirkətləri ilə əməkdaşlığın yeni mərhələyə keçdiyini də diqqətə çatdırıb: "Bundan öncə istismara verilmiş stansiyalarda onlar baş podratçı kimi çıxış ediblər, bu dəfə isə onlar investor kimi layihəyə qoşulublar. Prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq haqqında sənədlər real bəhrəsini verir və bu, növbəti illərdə də davam edəcək".
O həmçinin əlavə edib ki, bərpa olunan enerji mənbələrindən istifadə üç müxtəlif mərhələdə nəzərdən keçirilib: "İlk mərhələmiz 2027-ci ilə qədər bitəcək. O vaxta qədər inşa edəcəyimiz bərpa olunan enerji mənbələri stansiyalarının şəbəkəyə qoşulması nəzərdə tutulub. Yəni onlar PPA, yəni enerji alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir. Yəni Azərbaycan şəbəkə operatoru həmin elektrik enerjisini alır və bizim şəbəkədə ondan istifadə olunur. Növbəti mərhələlərdə, istismara veriləcək stansiyaların ixraca yönələcəyi nəzərdə tutulub. Gözlənilir ki, ilin sonuna qədər biz 3 ədəd yeni GES-i istismara verə biləcəyik".